Hadisə Özəl

Masallıda kişi bacısının qaynını döydü — TƏFƏRRÜAT

Masallıda kişi bacısının qaynını döydü — TƏFƏRRÜAT

Masallı rayonunda 1987-ci il təvəllüdlü Cəlil bacısının qaynı Yavərə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı rayonunun kəndlərindən birində baş verib.

Cəlil Yavərin evinin həyətində onun bacısını təhqir etməsi ilə bağlı iradını bildirərkən aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Cəlil Yavərin bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə yumruqla və təpiklə vurub.

Hadisəni törədən Cəlilin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Yavər onun bacısı Sevilin qaynıdır:

“Onunla aramızda heç bir ədavət və düşmənçiliyim yoxdur. Yavər yaşadığım evdə ailə üzvlərimi narahat edir. Sonuncu dəfə bacım Sevil yaşadığımız evə gələrək Yavərin onları narahat etməsini, söyməsini və vurmasını bildirdi. Bacımdan bunun səbəbini öyrəndiyim zaman Yavərin anamı da vurduğunu, bacım isə onları ayırdığı zaman onu da vurduğunu bildirdi. Bundan sonra Yavərin evinə getdim. Ona niyə belə etdiyini soruşdum. Həyətə girərək Yavərdən münaqişə yaratmasının səbəbini soruşdum. Yavər məni nalayiq ifadələrələ təhqir etdi. Daha sonra Yavər üzərimə gəldi, məni vurmaq istədi. Mən də qarşılıq göstərərək onu yumruq və təpiklə vurdum. Həmin vaxt yanımıza gələn əmim oğlu məni tutaraq onların həyətindən çıxardı”.

İş üzrə zərərçəkmiş Yavərin sözlərinə görə, hadisə günü işdən evə gəlib, evdə mübahisə baş verib:

“Mən də mübahisə ilə bağlı iradımı bildirdim. Bu zaman Sevil ilə də aramızda sözlə mübahisə düşdü. Mübahisə zamanı Sevil küsərək getdi. Sevildən sonra anam və arvadım da evdən getdilər. Həmin gün evdə olduğum zaman həyətdən kiminsə səsini eşitdim. Evdən çıxıb həyətə düşərkən həmin şəxsin Sevilin qardaşı Cəlil olmasını gördüm. Cəlilə yaxınlaşmaq istəyərkən qəfildən sol göz nahiyəmə iki dəfə yumruqla zərbə vurdu. Zərbədən yerə yıxıldım və ayağa qalxmaq istəyərkən Cəlil yenədə sol göz nahiyəmdən təpiklə zərbə vurdu. Həmin zaman yanımıza gələn Yavərin əmisi oğlu bizi ayırdı. Bundan sonra ayağa qalxaraq yaşadığım evə girdim. Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə müraciət etdim və hadisə barədə məlumat verdim”.

Bu cinayət işinə Masallı rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Cəlilin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az