Tanınmış sosioloq Lalə Mehralı vahid məktəbli forması məsələsini yenidən gündəmə gətirib.
O, sosial şəbəkə hesabında valideynlərdən gələn şikayətlərin davam etdiyini yazıb.
“Bəzi məlumatlara görə keçən il yeni formanın rəngini seçib, şagirdlərə aldıran məktəblər bu il həmin formanı qəbul etmirlər. Valideynlərə yeni rəng forma almağı tapşırıblar. 4 rəng formanı bəyənməyib, çəhrayı rəngdə forma tələb edən məktəblər də var hətta. Əfsus ki,mənə inboxa yazan valideynlər məsələ ciddiləşəndə adlarını vermək, şikayət etmək istəmirlər, direktor nə çalırsa, o havaya oynayırlar”.
Lalə Mehralı Demokrat.az-a açıqlamasında deyib ki, əksəriyyət məktəbdə uşağının sıxışdırılacağından çəkinir:
“Ola bilər, həqiqətən də valideyn şikayət etdiyinə görə həmin məktəbdə direktor, müəllim uşağa təzyiq göstərsin – bu nə dərəcədə realdır, deyə bilmərəm. Lakin bir valideyn yox, eyni anda yüzlərlə şəxs şikayət etsə, bu uşaqların hamısına təzyiq edilməyəcək ki. Məncə valideynlərdə bir az da qorxaqlıq var, çoxu hüququnu bilmir. Profillərinə belə öz adlarını yazmırlar, təsəvvür edin. Elə qəribə adlar qoyurlar ki, axtarıb, tapa da bilməzsən ki, bu, kimdir, övladı hansı məktəbdə oxuyur. Bəlkə də valideyn şikayətinə görə şagird məktəbdə təzyiqə məruz qalıb, amma geri çəkilmək lazım deyil. Təəssüf ki, direktorlara o şəraiti yaradan da valideynlər özləridir”.
Törə Zeynallı Demokrat.az


