Sumqayıt şəhərində 1984-cü il təvəllüdlü Pərvin şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Aytaca (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokart.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Metallurq küçəsində baş verib. Pərvin Aytacla aralarında baş vermiş mübahisə zamanı onun üz nahiyyəsinə yumruqla zərbə vuraraq ona xəsarət yetirib.
Hadisəni törədən Pərvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Aytacı 3 ildir tanıyıb: “İlk vaxtlarda münasibətlərimiz normal olub. Ara-sıra xırda məişət problemələrimiz olsa da, həmin problemləri böyütməmişik, tez bir zamanda həll etməyə çalışmışıq. Hadisədən əvvəl Aytac mənə məlumat vermədən Siyəzən rayonuna getdi. Mənim telefon nömrələrimi blok etdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu səbəbdən hadisə günü günorta saatlarında idarə etdiyi “Opel Astra” markalı avtomobilim ilə Aytacın yaşadığı ünvanın həyətinə gedib: “Aytac avtomobilimi görərək yanıma gəldi. Biz sakit yerə, Metallurq küçəsinə tərəf getdik. Avtomobilin içərisində oturub söhbət edən zaman aramızda münaqişə yarandı. Münaqişə zamanı Aytac məni söydüyü üçün əsəbiləşdim. Onun sifət nahiyyəsinə əlim ilə bir zərbə vurdum. Zərbənin təsirindən Aytacın burnundan qan açıldı. Bunu görən zaman avtomobilimi Sumqayıt şəhərində yerləşən apteklərdən birinə sürdüm. Orada tibbi ləvazimat aldım, Aytaca ilkin tibbi yardım göstərdim. Daha sonra onu yaşadığı ünvana apardım”.
İş üzrə zərərçəkmiş Aytacın sözlərinə görə, hadisədən əvvəl Siyəzən rayonuna gedib və sonra yaşadığı evinə geri qayıdıb: “Həmin gün evdə olan zaman Pərvin avtomobili ilə yaşadığım evin həyətinə gəldi. Qonşuların bunu görməməsi üçün məcbur qalaraq Pərvinin avtomobilinə yaxınlaşdım və onunla Metallurq küçəsinə getdik. Avtomobildə söhbət edən zaman Siyəzən rayonuna xəbərsiz getdiyim üçün münaqişə baş verdi. Münaqişə zamanı Pərvin avtomobilin içərisində gözləmədiyim halda sifət nahiyəmdən bir neçə dəfə əl zərbələri ilə vurdu. Zərbənin təsirindən burnumdan qan açıldı. Bu zaman Pərvin avtomobili Sumqayıt şəhəri ərazisində yerləşən apteklərdən birinə sürdü. Oradan bir neçə tibbi ləvazimat alaraq mənə ilkin tibbi yardım göstərdi. Daha sonra məni yaşadığım evə gətirdi. Həmin gün həm ağrılarım olduğu üçün, həm də məndən üzr istəyəcəyini düşündüyüm üçün şikayətçi olmadım. Lakin Pərvin məndən üzr istəmədi. Bu səbəbdən də Pərvindən şikayətçi oldum”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Pərvinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


