Kriminal Özəl

Bakıda 50 yaşlı kişi 25 illik arvadını döydü — TƏFƏRRÜAT

Bakıda 50 yaşlı kişi 25 illik arvadını döydü — TƏFƏRRÜAT

Bakının Səbail rayonunda 1973-cü il təvəllüdlü Yunis ailə münaqişəsi zəminində həyat yoldaşı Aytaca (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 19-da baş verib. Yunis yaşadıqları mənzildə arvadı Aytacın başından televizorun pultu ilə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Yunisin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yunis ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə məlum hadisə baş verən evdə 25 ildir yaşayırlar: “Aytac ilə ailə məişət zəminində mübahisələrimiz baş verdi. Mayın 19-da, saat 19 radələrində işdən evə gəldim. Bundan 15 dəqiqə sonra hamama girdim. Bir qədər sonra isə hamamdan çıxıb dəsmal istədim. Aytac cavabında dəsmalın yerində olduğunu bildirdi. Bu mövzuda mübahisələrimiz yarandı. Əsəbiləşdiyim üçün masanın üzərindən televizorun pultunu götürərək Aytacın başına vurdum. Bu zaman Aytacın başından qan axmasını gördüm. Buna görə də kənara çəkildim. Aytac təcili yardıma zəng vurub məlumat verdi. Təcili yardım briqadası gələrək Aytaca tibbi yardım göstərdi”.

Bu cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Yunisin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova