Azad edilmiş ərazilərdə tikinti işlərinə ayrılan vəsait 67 faiz artıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2023-cü ilin yanvar – iyul aylarında azad edilmiş rayonlarda tikinti – quraşdırma işlərinə 1 milyard 674 milyon 529.9 min manat vəsait xərclənib.
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, azad edilmiş ərazilərin bərpasına ilkin olaraq 2021-ci ilin dövlət büdcəsindən 2 milyard manatdan çox vəsait ayrıldı. O, Demoktrat.az-a açıqlamasında deyib ki, növbəti il də eyni məbləğdə büdcə ayrıldı:
“Sonradan bu vəsait artırıldı. Cari ilin dövlət büdcəsində yenidənqurma işləri üçün 3 milyard manat vəsait nəzərdə tutulmuşdu. Yenidən bu məbləğ artırıldı.
Prezident çıxışlarında hər zaman qeyd edir ki, azad edilmiş ərazilərdə quruculuq işlərində vəsaitə qənaət edilməyəcək. Çünki bu proses külli miqdarda pul tələb edir. Məskunlaşmanı təmin etmək üçün yeni iş yerlərinin açılması tələb olunur, müvafiq infrastrukturun yaradılması, həmin ərazilərin potensialından maksimum istifadə olunması qarşıya məqsəd qoyulubsa, bu missiya yerinə yetirilməlidir. Dövlətimizin maliyyə imkanları bu tələbi ödəməyə imkan verir”.
Ekspert qeyd edib ki, bu işlər ona görə sürətlə həyata keçirilir ki, əhalinin oraya qayıdışı tezləşsin və ərazilərin iqtisadi potensialından dövlət maksimum şəkildə yararlanmağa nail olsun: 
“Qarabağın bol su ehtiyatları var. İşğaldan azad edilmiş rayonlarda aqrar sektor dirçəldilərsə, turizm mühiti yaradılarsa, yeni istehsal sahələrinin əsası qoyularsa – burada tikinti materialları üçün yaxşı resurs var, bütün bunlar gələcəkdə ümumdaxili məhsulun həcmini 40 faiz artıra bilər”.
P.Heydərov vurğulayıb ki, dövlət başçısı özəl sektor nümayəndələrini, xarici investorları Qarabağa sərmayə yatırmağa dəvət edir:
“Bunun üçün ilkin şərt sabitliyin təmin olunmasıdır. Əhalinin qayıdışı, investorların cəlb olunması və iqtisadiyyatın inkişafı üçün bölgədə savaş riski tamamilə aradan qalxmalıdır. Dövlət gördüyü işlərin miqyası ilə göstərir ki, həmin ərazilər əbədi olaraq Azərbaycanındır. Hansısa revanşist qüvvələr yenidən müharibə etməyə cəhd göstərsələr də ordumuzun gücü qarşısında cəhdləri uğursuzluqla nəticələnəcək”.
Törə Zeynallı Demokrat.az


