Bakının Nizami rayonunda 1996-cı il təvəllüdlü Əsəd anası Aybənizə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, anası ondan, qardaşından və evin gəlinindən 2 dəfə şikayət edib və barələrində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb: “Qardaşım ilə bir evdə yaşayıram. Hər gün evimizdə mübahisə, söz-söhbət olur. İmkan olsa evdən çıxaram, anam ilə bir evdə yaşamaram. Mən hadisədən 20 gün əvvələ qədər narkotik vasitə istifadəçisi olmuşam. Pul lazım olanda ev əşyalarını satmışam. Hadisə günü başqa evə köçmək üçün əşyalarımı yığmaq istədikdə, anam məni səhv başa düşdü. Aramızda mübahisə oldu. Bu zaman anamı itələdim. Anam yerə yıxılmadı”.
İş üzrə zərərçəkmiş Aybənizin sözlərinə görə, oğlu Əsəd ailəsi ilə birlikdə onunla bir evdə yaşayır: “Əsəd narkotik vasitə istifadəçisidir. Buna görə də aramızda dəfələrlə mübahisə olub. Narkotik vasitə istifadəçisi olduğundan uşağın arabasını, ev əşyalarını satıb. Həmin gün yenə ev əşyalarını satmaq istədi. Buna etiraz etdikdə aramızda mübahisə yarandı. Oğlum boğazımdan sıxaraq məni boğdu, yerə yıxaraq təpik və yumruq vurdu”.
Nizami rayon Məhkəməsinin hökmü ilə Əsədin barəsində hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli Demokrat.az


