Mədəniyyət Özəl

Səmimi dostluq: Tanınmış qiraətçi etiraf etdi — "Sənətimə böyük töhfəsi olub..." (FOTOLAR)

Səmimi dostluq: Tanınmış qiraətçi etiraf etdi — Sənətimə böyük töhfəsi olub... (FOTOLAR)

"Bu gün mənim əziz dostum, dəyərli qələm sahibi, gözəl şair, maraqlı hekayələr, roman, dram əsərləri müəllifi Əjdər Olun anadan olmasının 65 ili tamam olur. Bu münasibətlə Əjdər qardaşıma təbriklərimi çatdırır, can sağlığı arzu edirəm. İnanıram ki, onu tezliklə azadlıqda bağrıma basacağam".

Bu sözləri tanınmış qiraətçi - aktyor, Əməkdar artist Ağalar Bayramov bu gün yubiley yaşını qeydə edən sevilən şair və yazıçı Əjdər Ol haqqında Demokrat.az-a deyib.

O çatdırıb ki, hamı - bütün qələm dostları Əjdər Olun yolunu gözləyir:

Səmimi dostluq: Tanınmış qiraətçi etiraf etdi — Sənətimə böyük töhfəsi olub... (FOTOLAR)

"Əjdər Ol mənim həyatımda çox böyük rol oynayıb. Onun şeirləri ilə mən bədii qiraət sənətində cövlan eləmişəm. 1988-ci ildən bu günə kimi bədii qiraət fəaliyyətimdə əməyi olan və yaradıcılığından bəhrələndiyim ustad söz sahibləri Rəsul Rza, Məmməd Araz, Xəlil Rza Ulutürk, Qabil, Fikrət Qoca, Musa Yaqub, Zəlimxan Yaqub, Ramiz Rövşən, Ayaz Arabaçı, Sabir Sarvan, Ramiz Qusarçaylı sırasında Əjdər Olun xüsusi yeri var. Repertuarım üçün şeirlər yazıb. Yadımdadır, 90-ların əvvəlində "hamı sənə can deyir, can Azərbaycan deyir" misralı şeirini mənim repertuarım üçün yazmışdı. Bu qəbildən olan "Gözaydınlığı" şeirini də hər zaman sevərək səsləndirirəm. Keçən il onun doğum günündə Şuşada idim. İsa bulağında əlimdə bayraq həmin şeiri oxudum. Çox sevindim, bir az da kövrəldim".

Ağalar Bayramov şair dostunu başdan ayağa Vətən məcnunu adlandırır:

Səmimi dostluq: Tanınmış qiraətçi etiraf etdi — Sənətimə böyük töhfəsi olub... (FOTOLAR)

"Şeirlərində vətəninə olan dərin sevgisi, bağlılığı əks olunub. Bənzərsiz şairdi, heç kimi yamsılamayıb. Hər sözünün altında böyük məna var. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin liderliyində ordumuz 44 günlük müharibədə parlaq qələbə qazandı. Bu qələbə xalq - dövlət birliyinin bariz nümunəsi idi. Şəhidlərimizə, qazilərimizə sonsuzadək borcluyuq. Əldə etdiyimiz misilsiz qələbə, əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi münasibətlə Zəfər günündən qısa müddət sonra yenə mənim yaradıcılığım üçün "Qarabağ Azərbaycandır, nida" adlı şeir yazdı. Bunu da bir çox tədbirdə, efirlərdə fəxrlə səsləndirmişəm".

Qiraətçi pandemiya vaxtı şairin onun üçün daha bir şeir yazdığını xatırlayır:

"2020-ci ildə pandemiyanın tüğyan etdiyi vaxtda hamımız evdə qalırdıq. Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi "Evdə qal, şeir söylə" adlı təşəbbüs irəli sürdü. Klassik və müasir şairlərimizin əsərlərindən nümunələr səsləndirib, gündəlik qısa videolar paylaşırdım. Həmin ərəfədə Əjdər Ol mənə daha bir şeir yazdı - "Mənən, Ağalaram, şeir deyirəm". Həbsxana Əjdər Olun yeri deyil..."

Sənət dostu qeyd edir ki, Əjdər Olun saysız-hesabsız gözəl misraları var:

Səmimi dostluq: Tanınmış qiraətçi etiraf etdi — Sənətimə böyük töhfəsi olub... (FOTOLAR)

"Rəhmətlik xalq şairi Qabildən sonra Əjdər Ol uzun müddət Sabir poeziya günlərinin rəhbəri olub. Bu tədbir hər il mayın 30-da keçirilir. Arzulayıram ki, növbəti il yenə təşkilatçılığı əlinə alsın, ön cəbhədə olsun, sənət adamlarını başına yığsın. Ünsiyyəti, insanlarla söhbəti sevən biridi, özünə qapanmağı xoşlamaz".

Təbrikinin sonunda Əməkdar artist şairin bir neçə misrasını da səsləndirib:

"Əjdər Ola sevgim sonsuzdur. Həyata baxışı, nikbinliyi, təmkini, açıq gözlülüyü sevdiyim cəhətləridir. İnanıram ki, həbsdə olmağını da Allahın bir imtahanı kimi qəbul edir. Şeirində dediyi kimi:

Ağrılara, acılara darılma, Öz işindən bərk-bərk yapış, yorulma, Çalış, ölmə, çalış, itmə, Vurulma, canım-gözüm, Ömür elə budur, bu. Tale, qismət deyirdin ha, odur bu...

Səmimi dostluq: Tanınmış qiraətçi etiraf etdi — Sənətimə böyük töhfəsi olub... (FOTOLAR)

Əziz dostum Əjdər, Allah qapını açsın. Bütün səmimiyyətimlə uca Tanrıya bunun üçün dua etməyə davam edəcəyəm".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova