Bir neçə gün öncə jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi. Hər il bu mövzu müzakirələrə səbəb olur. Bəzi jurnalistlərin, media ekspertlərinin fikrincə imtahanda suallar bəsit qoyulur, orta məktəb inşa mövzuları səviyyəsində - bununla qabiliyyət ölçülə bilməz. Bəziləri isə deyir ki, ümumiyyətlə bu imtahan ləğv olunmalıdır, testə öyrəşmiş abituriyentdə yazı bacarığı tam formalaşmayıb, ixtisasına dair bilik və bacarığa universitet təhsili müddətində yiyələnməlidir.
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanının ləğv olunmasının tərəfdarıdır.
O, Demokrat.az-a açıqlamasında deyir ki, qabiliyyət imtahanı jurnalistika haqqında yanlış təsəvvürlərdən doğur:
“Biz tibbə marağı olan adamın gələcəkdə həkim olub, olmayacağını necə müəyyənləşdirə bilərik? Eləcə də jurnalistika – anlamalıyıq ki, bu, filoloji düşüncə, inşa yazmaq deyil. Əgər insanın içində həqiqət hissi yoxdursa, dürüstlüyü ifadə edə bilmirsə, ona bunu necə aşılamaq olar?!”.
Jurnalistikanın böyük sosial sahə olduğunu deyən Q.Məhərrəmlinin sözlərinə görə, medianın cəmiyyətdə önəmli rolu var, onun əsas institutlarından biridir:
“Qabiliyyətin vacib olduğu sahələr var – məsələn, musiqi, idman. Lakin jurnalistikada xüsusi yazı qabiliyyəti axtarmq bir qədər sovet təfəkkürünün məhsuludur. O vaxt bu fikri təkidlə irəli sürən şəxslər başqa planlar haqda düşünürdülər, yaxşı ki, Dövlət İmtahan Mərkəzi bu təsəvvürləri alt-üst etdi. Kimsə yaxşı inşa yaza, poetik cümlələr qura bilər, amma kim təminat verə bilər ki, o, sabah həm də yaxşı jurnalist olacaq?!
Mətbuat Şurasından, müxtəlif təşkilatlardan gəlib qabiliyyət imatahanındakı yazıları yoxlayırlar, həmin şəxslərdən bəzilərinin öz təfəkkürü abituriyentin düşüncəsi qədər parlaq deyil”.
Professor qeyd edib ki, qabiliyyət imtahanı bəzi bacarıqlı abituriyentlərin qarşısında maneəyə çevrilir:
“Qabiliyyəti əsas götürüb, qəbul ballarını aşağı salırlar. 250-300 bal toplayan tələbələrin bilik və bacarıqları zəifdir, inşa yazmaq haqda düşünürlər, jurnalistikanın əslində nə olduğunu görəndə duruxurlar. Jurnalistikaya qəbul olan tələbə özünü inkişaf etdirə bilirsə, jurnalistik bacarıqları özündə formalaşdıra bilirsə, o, gələcəkdə yaxşı kadr ola bilər. Qabiliyyət imtahanı bəzi bacarıqlı abituriyentlərə problem yaradır. Bəlkə də o, gələcəyin yaxşı jurnalisti olacaq. Qabiliyyətdən keçənlərsə auditoriyada tələbə kimi əyləşəndə baxırsan ki, tamam başqa təsəvvürlərə sahibdirlər”.
Son olaraq Q.Məhərrəmli vurğulayıb ki, jurnalistika ədalətli, obyetiv yanaşma tələb edir:
“Yalnız bunun fəlsəfəsini dərk edə bilən insanlarda jurnalistika bacarıqları formalaşa bilər. Əlbəttə, yazı qabiliyyəti də olmalıdır, jurnalist düzgün cümlə qura bilməyi, analitika yazmağı, reportaj hazırlamağı bacarmalıdır.
Hesab edirəm ki, jurnalistikada qabiliyyət imtahanına ehtiyac yoxdur, ən yaxın vaxtda ləğv olunmalıdır”.
Törə Zeynallı Demokrat.az


