Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə açıqlama verərək bir gün əvvəl dediklərini təkzib edib. Siyasətini nala-mıxa vurmaq kursu üzərində quran Paşinyanın bu tipli açıqlamaları ilk dəfə deyil ki səslənir.
Bir neçə gün əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyindən danışan Paşinyan bu gün hökumətin iclasında açıqlama verərək Azərbaycanın sülh müqaviləsi imzalandıqdan sonra ərazi iddiası ilə çıxış edəcəyi barədə sərsəm məlumat verib.
Sirr deyil ki, son dövrlər Nikol Paşinyan üzünü Qərbə tərəf tutub və Rusiya ilə ipləri tam qoparmaq niyyətindədir. Görünür, bir neçə gün əvvəlki açıqlamasından sonra ona Qərbdən bu səpkidə tezislər gəlib. Niyyət sadədir: Sülh müqaviləsinin imzalanmasını mümkün qədər uzatmaq.
Əslində Nikol Paşinyanın Moskva görüşündən sonra Laçın yoluna 19 yük maşını göndərməsi də onun bu niyyətindən xəbər verir. Azərbaycanla razılaşdırılmayan 19 yük maşını Kornidzor kəndində ilişib qalıb. Azərbaycanın isə mövqeyi kəskin və qətidir: “Ağdam yolundan istifadə edin”. Paşinyan komandası və onun havadarları bu yoldan istifadənin Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasında atılan addımlardan biri olduğunu dərk etdikləri üçün prosesi ləngitməyə, sülh danışıqlarını baltalamağa doğru üz tutublar. Paşinyanın Kornidzorda ilişib qalan yük maşınlarını Qərbə nümayiş etdirməsi, Ermənistanda akkreditasiyadan keçmiş diplomatik korpusun əraziyə səfərini təşkil etməsi də bu niyyətdən xəbər verir. Paralel olaraq rus sülhməramlılarını ittiham etmək, onlardan cavab gözləməklə bağlı açıqlamalar vermək niyyətin rus sülhməramlı kontingentini gözdən salmaq, işlərini icra edə bilmədiklərini dünyaya sübut etmək olduğu üzə çıxır.
Paşinyan bununla da Rusiya sülhməramlılarının ərazidən çıxarılması və yerinə Qərbin, xüsusən də Fransanın sülhməramlılarının yerləşdirilməsini istəyir. Məhz bu səbəbdən də uzun müddətdir bu səpkidə tezislərə start verilib. Əslində Paşinyan da bilir ki, Laçın yolu Azərbaycanın suveren ərazisidir və bu yolla bağlı qərarı sadəcə Azərbaycan hökuməti verə bilər. Rusiya sülhməramlılarının belə bir səlahiyyəti yoxdur. Elə Ermənistanın XİN başçısı Ararat Mirzoyan da Ağdam yolundan istifadə ilə bağlı “bizim bu məsələni müzakirə etmək səlahiyyətimiz yoxdur” açıqlamasını bu yaxınlarda verib. Ya Araratın Nikolun siyasətindən xəbəri yoxdur, ya da Nikol Araratın açıqlamalarını oxumur. Yoxsa bir-birini təkzib edən bəyanatlar səsləndirmək sadəcə gülüş obyekti olmağa hədəflənmiş sayıla bilər.
Amma erməni siyasi rəhbərliyi tərəfindən unudulan bir fakt var. Həm Qərb, həm də Rusiya Qarabağı, Laçın yolunu, Qarabağdakı erməni azlıqla bağlı qərarların təkcə Bakı tərəfindən verilə biləcəyi və buna sadəcə Azərbaycan hökumətinin səlahiyyəti olduğunu qəbul ediblər və dərk edirlər. Erməni tərəfinin bunu dərk etməsi üçün nə qədər vaxt lazımdır? Bəlkə Qisas-2 əməliyyatının zamanı yetişib? Söz yerinə düşər, Qisas əməliyyatından düz bir il ötüb. Görünür, yeni əməliyyatlara ehtiyac var.



