İmişli rayonunda 1958-ci il təvəlüldlü Ərşad şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Əfqana xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 19-da Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən “Qızıl Tac” şadlıq sarayının həyətində baş verib. Ərşad orada tanışı Əfqanın toy şənliyində narazılıq yaratması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi elektrik alətini (elektrik indikatorunu) əynində olan pencəyin sağ yan cibindən çıxarıb və onun döş qəfəsindən vurub.
Hadisəni törədən Ərşadın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ərşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, martın 19-da qaynı oğlunun “Qızıl Tac” şadlıq sarayında toy şənliyi təşkil edildiyindən həmin toy şənliyində iştirak edib:
“Toy şənliyinə dəvət edilmiş qonaqları yerləşdirmək mənə tapşırıldığından hər hansı bir masada oturmadım. Təxminən saat 20 radələrində arvadımın xalası oğlu Əfqan bir nəfər şəxslə tutaqlaşmış vəziyyətdə şadlıq sarayının qapısından foyeyə çıxardığını gördüm. Əfqana yaxınlaşaraq hansı səbəbdən toy məclisində narazılıq yaratdığını soruşdum. Bu səbəbdən Əfqanla aramızda mübahisə yarandı. Əfqan yaxamdan tutaraq yumruqla alnımdan bir dəfə vurdu. Zərbədən özümü itirdim. Əsəblərimi cilovlaya bilmədim və elektrik olduğumdan həmişə üzərimdə gəzdirdiyim "indikator"u əynimdə olan pencəyin sağ yan cibindən çıxardım. Əfqanın sol qabırğa nahiyyəsindən bir dəfə vurdum. Zərbənin təsirindən Əfqan yerə yıxıldı. Həmin vaxt oğlum Elşən və kürəkənim Şahin məni hadisə yerindən uzaqlaşdırdılar. Əfqanı isə tanımadığım şəxslər xəstəxanaya apardılar”.
İş üzrə zərərçəkmiş Əfqanın sözlərinə görə, martın 19-da xalası nəvəsinin “Qızıl Tac” şadlıq sarayında təşkil edilmiş toy məclisində iştirak edib:
“Saat təxminən 20 radələrində həmkəndlim Vüsal adlı şəxsin şadlıq sarayının daxilində kiminləsə sözlü mübahisə etdiyini gördüm. Mübahisənin yaranmasının qarşısını almaq üçün Vüsalı qucaqlayaraq şadlıq sarayının qapısından çölə çıxardım. Həmin vaxt spirtli içkilərin təsiri altında olduğumdan Vüsala hansı formada yaxınlaşdığımı və onu çölə hansı formada çıxardığımı xatırlamamışam. Vüsalı şadlıq sarayının arxa hissəsində başa salaraq yola saldıqdan sonra orada dayanmış Ərşad yanıma gəldi. Mənə hansı səbəbdən Vüsalla mübahisə etdiyimi soruşdu. Ərşaddan məndən uzaq durmasını dedim. Ərşad isə mənə söyüşlə cavab verdi. Bundan əsəbləşərək yumruqla Ərşadın alın nahiyəsinə vurdum. Ərşad da yaxamdan tutaraq əlindəki deşici alətlə sol qabırğa nahiyəmə bir dəfə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Sonra dayım Camal hadisə yerinə gəldi və məni yerdən qaldırdı. Sonra məni Cəlilabad rayon mərkəzi xəstəxanasına apardı. Xəstəxanada 3 gün qaldıqdan sonra evə buraxıldım. Xəstəxanada olarkən Ərşad müalicəmə köməklik edib”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ərşad 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Ona təyin edilən cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunub.
Fariz Məlikli Demokrat.az


