Hadisə Özəl

Cəlilabadda qardaşlar arasında DAVA

Cəlilabadda qardaşlar arasında DAVA

Cəlilabad rayonunda 1986-cı il təvəllüdlü Sadiq münaqişə zəminində qardaşı Sücayətə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 18-də Cəlilabad rayonu Bayxanlı kəndində baş verib.

Hadisəni törədən Sadiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş şəxs onun doğma qardaşıdır və aralarında hazırkı hadisəyədək heç vaxt narazılıq olmayıb:

“Qardaşım Sücayət mənimlə qonşuluqda yaşayır. Hadisə günü öz yaşadığım evdə olduğu vaxt qardaşımın yaşadığı evdə qışqırıq səsi eşitdim. Öz evimdən çölə çıxdım və anasmın yaşadığım evə tərəf gəldiyini gördüm. Anam yaxınlaşanda dedi ki, Səid və Sücayət evdə dalaşırlar. Dərhal anamın evinə getdim. Səidlə Sücayətin dalaşdıqlarını gördüm. Onların arasına girdim və aralaşdırmağa çalışdım. Qardaşım Səidi qucaqlayıb kənara çəkəndə Sücayət arxadan gəldi və Səidi vurmaq istədi. Həmin vaxt başımın arxa tərəfi ilə Sücayətin sifət nahiyəsinə bir dəfə zərbə vurdum. Bundan sonra ara sakitləşdi. Qardaşım Səidi oradan götürərək öz yaşadığım evə apardım. Sonradan mənə məlum oldu ki, qardaşım Sücayət mən və Səid barəsində polis şöbəsinə şikayət edib”.

İş üzrə zərərçəkmiş Sücayətin sözlərinə görə, Səid Bakı şəhərində, Sadıq isə Bayxanlı kəndində onunla qonşuluqda yaşayır:

“Özüm günəmuzd fəhlə işləyirəm. Hadisə günü Səid mənə zəng etdi və özünə sosial yardım düzəltmək istədiyini, hansı sənədlərin lazım olduğunu rayondan maraqlanmağımı xahiş etdi. Qardaşı Səidə ilk öncə VÖEN-in olmasını, yoxdursa düzəltdirməli olduğunu bildirdim. Sonradan mənə məlum oldu ki, Səid rayona gəlib, lakin sənədləri düzəldə bilməyib”.

Zərərçəkmiş qeyd edib ki, həmin gün axşam Səid onun yaşadığı evə gəlib:

“Səid mənə nə üçün onu aldadıb Bakı şəhərindən rayona gətirdiyimi dedi. Bu vaxt aramızda mübahisə düşdü. Səid böyük qardaşım olduğuna görə ona cavab qaytarmadım. Bundan sonra səsə qonşuluqda yaşayan qardaşım Sadıq gəldi. Həmin vaxt Sadıq mənimlə Səidin arasına girdi və başı ilə sifət nahiyəmə bir dəfə zərbə vurdu. Zərbənin təsirindən kənara çəkildim. Bundan sonra qardaşım Sadıq Səidi oradan götürərək evinə apardı. Qardaşımın bu hərəkətinə görə əsəbləşdim və Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə məlumat verdim”.

Bu cinayət işinə Cəlilabad rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Sadiqin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az