Sosial Özəl

Valideynlərin DİQQƏTİNƏ: Evdə azyaşlıların təhlükəsizliyi necə təmin edilməlidir?

Valideynlərin DİQQƏTİNƏ: Evdə azyaşlıların təhlükəsizliyi necə təmin edilməlidir?

Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyilə bağlı əhaliyə müraciət edib.

Demokrat.az xəbər verir ki, Nazirlik valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları heç bir halda tək buraxaraq mənzili tərk etməməyə çağırıb.

Mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazları, açıq eyvan və pəncərələr, düşə biləcək ağır əşyalar, zəhərlənməyə səbəb ola biləcək kimyəvi maddələr, uşaqların özlərinə xəsarət yetirə biləcəyi kəsici alətlər və digər risklər olur. Bəzi valideynlərsə buna məhəl qoymur, uşaqlarınının təhlükəsizliyinə səthi yanaşır, məsələni ciddiyə almırlar.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, azyaşlı uşaqları evdə nəzarətsiz qoymaq olmaz:

Valideynlərin DİQQƏTİNƏ: Evdə azyaşlıların təhlükəsizliyi necə təmin edilməlidir?

“Həmçinin uşaq bağçaları, reabilitasiya mərkəzləri və uşaqların vaxt keçirdiyi evdən kənar digər yerlərdə də onların nəzarətsiz qoyulması yolverilməzdir. Uşaqlar valideynlərin nəzarəti və digər nəzarətçilərin maksimum diqqətində olmalıdırlar”.

O qeyd edib ki, evdəki təhlükəli infrastruktur və bütün riskli hallara qarşı qabaqlayıcı tədbirlər almaq lazımdır:

“Elektrik cizahlarının təhlükəsizliyi, elektrik şəbəkələrinin, cərəyan keçiricilərin uşaqlara əlçatan olmaması, yıxılma, aşma təhlükəsi olan mebellərin, divardan asılmış əşyaların dayanıqlılığı təmin edilməlidir. Evin pəncərələri, eyvanına da diqqət etmək lazımdır ki, uşaqların oradan yıxılma ehtimalı 0-a ensin.

Digər bir məsələ evdə olan kimyəvi tərkibli məhsullardır. Təmizləyici vasitələr, dərman vasitələri elə yerdə saxlaxılmalıdır ki, uşaqlardan uzaq olsun. Uşaq onu əlinə alıb içə bilər, üzərinə dağıda bilər. Nəticədə zəhərlənmələr, yanmalar ola bilər.

Uşaqları yanğın təhlükəsi barədə məlumatlandırmaq lazımdır. Tez alışan, yanma qabiliyyəti yüksək olan materiallar, kibrit, alışqan kimi vasitələr uşaqlardan uzaq yerə qoyulmalıdır”.

Ekspert vurğulayıb ki, uşaqların təhlükəsizliyi birbaşa valideyn məsuliyyətilə bağlıdır. Valideynlər uşaqlarına evdə baş verə biləcək təhlükələri izah etməlidirlər:

“Uşaqlarda bu tərbiyəni formalaşdırmaq lazımdır. “Olmaz” deməklə olmur. Əksinə onlarda maraq yaranır. Bunu əyləncəli üsullarla və psixoloji söhbətlərlə izah etmək lazımdır. Beləliklə, onlarda düzgün vərdişlər yaranacaq. Valideynlər bunun əhəmiyyətinə varmır, uşaqlara təhlükəli vəziyyətlər və təhlükəsizlik qaydaları barədə heç bir bilgi aşılamırlar. Nəticədə uşaqlar bilmədən təhlükəli əşyalarla təmasda olur, nə qədər bədbəxt hadisə baş verir. Valideyn özündə məsuliyyət hiss etməlidir”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az