Kriminal Özəl

Sumqayıtda arvadını döyən sərxoş kişi intihara cəhd etdi

Sumqayıtda arvadını döyən sərxoş kişi intihara cəhd etdi

Sumqayıt şəhərində 1984-cü il təvəllüdlü Rəvan ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Sevdaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Rəvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Sevda ilə 2017-ci ildə ailə həyatı qurub:

“Birgə nikahdan bir qız övladım var. Ailə münasibətlərimiz hər zaman normal olub. İşimin ağırlığı ilə əlaqədar aradabir spirtli içki qəbul etməyim həyat yoldaşımın xoşuna gəlmədiyindən bu məsələyə görə aramızda ailə daxili narazılıqlar yaşanıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 19 radələrində işdən çıxıb evə gələrkən özü ilə bir şüşə viski alıb:

“Həmin viskini öz evində içdim. Əhəmiyyətli olmayan bir məsələ üstündə aramızda mübahisə yarandı. Mübahisə zamanı kiminsə ünvanına nalayiq söz işlətdiyimdən həyat yoldaşım süfrədə söyüş söydüyümə görə kəskin iradını bildirdi. Süfrədən qalxaraq mətbəxə getdi. Onun bu hərəkətini özümə qarşı hörmətsizlik kimi qiymətləndirdim. Mətbəxə gələrək yenidən həyat yoldaşım ilə mübahisə etdim. Həyat yoldaşım mənə cavab qaytardı. Mənimlə kobud danışdığından bir qədər də spirtli içkinin təsiri altında olduğumdan əsəbləşdim. Yumruqla onun sifət nahiyəsindən bir zərbə vurdum. Zərbədən həyat yoldaşım yerə yıxıldı və sanki huşunu itirdi. Bundan bərk qorxdum. Onu özünə gətirməyə çalışdım. Həyat yoldaşım sanki ayılmaq istəmirdi”.

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, həyat yoldaşı Rəvan spirtli içki düşkünü olması, demək olar ki, hər gün spirtli içki qəbul etməsi səbəbi ilə evlərində ailə münaqişələri tez-tez yaşanır:

“Ondan spirtli içkini tərgitməsini xahiş etsəm də, Rəvan ölənə qədər içəcəyini dedi. Hadisə günü, saat 19 radələrində Rəvan işdən evə gəldi. Özü ilə viski alıb gətirmişdi. Evdə bir şüşə viskini tək içdi. Spirtli içkini qəbul edib sərxoş hala gəldikdən sonra kiminsə ünvanına evdə nalayiq söyüşlər söyməyə başladı. Ona süfrəyə hörəmət etməsini, süfrədə söyüş söyməməsini bildirdim, masadan qalxaraq mətbəxə getdim. Masadan qalxaraq mətbəxə keçməyim Rəvanı əsəbləşdirdi. Arxamca evin mətbəxinə gələrək “sən qudurmusan mənə hörmətsizlik edib masadan qalxıb gedirsən” dedi. Ona söyüş söyürsən dedikdə, qəflətən yumruqla sifət nahiyəmə güclü zərbə vurdu. Zərbədən özümdən getdim, yerə yıxıldım. Yerə yıxıldıqdan sonra isə huşumu itirdim. Özümdən getdiyimə görə Rəvan qorxuya düşdü, məni özümə gətirməyə çalışdı. Gözümü açdıqda Rəvan mənə “özünə gəlməsən özümü doğruyacam” deyərək mətbəxdən götürdüyü bıçaqla qolunu deşməyə başladı. Bundan qorxuya düşdüm, ayağa qalxararaq hamama qaçdım, qapını bağladım. Anama zəng vurdum, hadisə barədə məlumat verdim. Sonra Rəvan hamamın qapısını açaraq telefonu əlimdən aldı. Əgər evdən getsəm, özünü balkondan ataraq öldürəcəyini bildirdı. Çalışdı ki ondan şikayət etməyim, evdən getməyim. Lakin anam gələrək məni apardı. Anam evdə olanda Rəvanın da anasına zəng vurdu, oğlunun bıçaqla qoluna xəsarət yetirdiyini bildirdi”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Rəvanın barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az