Kriminal Özəl

Sumqayıtda gənc oğlan anasına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıtda gənc oğlan anasına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhrində 1991-ci il təvəllüdlü Həsən ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı anası Nuranəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 7-də baş verib. Həsən həmin gün saat 23 radələrində yaşadığı evdə anası Nuranə ilə aralarında ailə-məişət münaqişə baş verib.

Həsən yaranmış münaqişə zamanı yumruqla anasının baş nahiyyəsinə vurub, əli ilə boyun nahiyəsini sıxmaqla boğmaq istəyib.

Hadisəni törədən Həsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, Sumqayıt şəhərində fərdi yaşayış evində arvadı Südabə və onun qızı, 2011-ci il təvəllüdlü Samirə ilə birlikdə yaşayıb:

“Zərərçəkmiş Nuranə doğma anamdır. Birinci həyat yoldaşım Südabədən ayrıldım. 2021-ci ilin dekabr ayının sonlarında Səlimə ilə münasibət qurdum və onu yaşadığım ünvana gətirdim. Birinci həyat yoldaşım ilə nigah pozulması gec olduğundan Səlimə ilə rəsmi olaraq 2022-ci ildə nigaha daxil oldum”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəllər anası onlarla birlikdə yaşayıb:

“Hazırda isə anam dayımın Bakı şəhərində yerləşən evində yaşayır. Səlimə bizim evə gəldiyindən anam ilə münasibətim pisləşdi. Anam əvvəl Səlimə ilə evlənməyimə razı olsa da, Səliməni evə gətirdikdən sonra münasibətləri pisləşdi Heçnədən ara-sıra anam mənimlə söz-söhbətlər etdi. Həmin vaxtdan mənim yeni ailə həyatı qurduğum həyatı yoldaşım ilə ayrılmam üçün çalışdı. Həmin ərəfələrdə mübahisələrimiz böyüdü və anam evdən getdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan anası yaşadığı ünvana yenidən qayıdıb:

“Yanvarın 7-də axşam vaxtı işdən evə qayıtdıqdan sonra anam evin mətbəxində özü üçün ayrıca xörək hazırlayıb yeməyə başladı. Mən də anama nə səbəbə ayrı xörək hazırlayaraq yediyini və bizimlə birlikdə niyə yemək istəməməsini, evə hansı səbəbə dayımın çörək alıb gətirdiyini dedim. Bu zaman anam mənim və arvadımın ünvanına nalayiq ifadələr işlətməyə başladı. Mən isə anamı nalayiq ifadələr işlətməsinə baxmayaraq qarşısında səbrlə davrandım və anama artıq bir kəlmə demədim. Daha sonra anam səs-küylə çölə çıxdı. Bir neçə dəqiqədən sonra Bakı şəhərində yaşayan dayım mənə zəng edərək, nalayiq ifadə ilə mərhum atamı təhqir etdi. Mən də dayıma nalayiq ifadələrlə cavab verdim. Onu yaşadığım evə çağırdım. Daha sonra yatmaq istəyən zaman anam qapının zəngini eşitdi, gülməyə başladı. Mənə nalayiq ifadələrlə dayımın gəldiyini dedi, çölə çıxdı. Həmin vaxt üst geyimlərimi geyinərək çölə çıxdım. Polis əməkdaşları ilə dayımgilin gəldiyini gördüm”. İş üzrə zərərçəkmiş Nuranənin sözlərinə görə, hazırda qardaşına məxsus evdə qardaşı və onun ailə üzvləri ilə birlikdə yaşayır: “Yanvarın 7-dək hazırda Türkiyə Respublikasında yaşayan qızıma məxsus Sumqayıt şəhərində yerləşən fərdi yaşayış evində oğlum Həsən, Həsənin qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Səlimə və sonuncunun qızı ilə birlikdə yaşamışam. Qeyd etdiyim ünvanda yaşadığım dövrdə təxminən bir ildən artıq idi ki, Həsən tez-tez evdə mənimlə səbəbsiz yerə münaqişə yaradıb, evdən çıxmağımı istəyib. Bizim aramızda mübahisəyə əsas səbəb oğlumun həyat yoldaşı Səlimədən ayrılmaq istəməmsi olub. Mən Səlimənin evdə gəlin kimi qalmasını istəməmişəm”.

Zərərçıkmiş şəxs qeyd edib ki, yanvarın 7-də, təxminən saat 23 radələrində Həsənlə yaşadığı evdə mətbəxdə yemək yeyən zaman anidən boynunun arxasından zərbə dəyib:

“Geriyə baxan zaman arxa tərəfimdə Həsənin yenicə özünə həyat yoldaşı dediyi Səlimənin gördüm. Oğlum mənə yaxınlaşaraq təpiklə qarın nahiyəmə zərbələr endirdi. Mənə yemək verməyəcəklərini bildirdi. Həsən boyun nahiyəmdən tutaraq sıxdı və yumruqla baş nahiyəmə zərbələr endirdi. Həmin vaxt bir təhər oğlumun əlindən çıxdım və qapıya tərəf gəldim. Bu vaxt qapıda maşın işığı gördüm. Qapıya yaxınlaşanda orada polis maşını gördüm. Orada polis əməkdaşları ilə yanaşı, qardaşlarım da olublar. Mən dərhal qardaşlarım ilə oradan uzaqlaşdım. İlk öncə polis bölməsinə getsək də, səhhətim yaxşı olmadığı üçün məni dərhal Sumqayıt şəhər travmotologiya şöbəsinə apardılar. Oğlum Həsən mobil telefonla qardaşıma zəng edərək, kobud formada evə dəvət etdi, onun guya evdə söz-söhbət yaratdığını bildirməsini sonradan qardaşımdan eşitmişdim. Ona görə də həmin gün qardaşlarım polis əməkdaşları ilə yaşadığım ünvana gəldilər”. Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həsən aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az