Sirr deyil ki, Azərbaycan dövləti Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində mütəmadi olaraq sistemli tədbirlər həyata keçirir. Bu gün Azərbaycan xalqı dünyanın ən zəngin irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz özündə əks etdirir. Amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə bizim tarixi keçmişimizə əl uzatmağa çalışıb və bir sıra milli adətlərimizi özününküləşdirməyə cəhd göstərib. Məlumdur ki, bu illər ərzində ərazilərimizdəki qədim alban-xristan abidələrini erməni “irsi” kimi təqdim etməyə səy göstərib. Belə ki, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələrimizi məhv edib. Ümumiyyətlə, Ermənistan Azərbaycan xalqının irsini qəsdən hədəf alaraq bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Bütövlükdə isə, işğal altında olunmuş ərazilərimiz 30 il ərzində tamamilə viran qoyulub.

Ermənistanın müharibə cinayətləri ilə bağlı Demokrat.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi (BMDAM) sədri Samir Hümbətov bildirib ki, Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi cinayətlər bugünədək davam edir. Ekspert bildirib ki, Ermənistan tərəfindən törədilən bu cinayətlər daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb:
“Amma günümüzə qədər atılan addımlardan və praktiki olaraq vəziyyətdən bizə aydın olur ki, hələ ki beynəlxalq ictimaiyyət Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərə göz yumur. Təbii ki, dövlətimiz tərəfindən bu istiqamətdə bir sıra işlər görülür və bundan sonra da görüləcək işlərimiz çoxdur. Yəni, bizim fəaliyyətimiz özümüzü qane etməli deyil. O baxımdan düşünürəm ki, bu cür məsələlər üzərində daha çox işləmək lazımdır. Görünən ondan ibarətdir ki, dövlət üzərinə düşən bütün öhdəlikləri maksimum dərəcədə çalışır ki, yerinə yetirsin. Əlbəttə ki, cəmiyyətin özü də, vətəndaşlarımız da bu məsələdə dövlətimizə dəstək olmalıdır. Ziyalılarımızın, gənclərimizin bu işdə fəaliyyəti geniş olmalıdır. Sivil vətəndaş toplumları bu məsələyə xüsusi diqqət yetirməlidir. Yəni, Azərbaycan beynəlxalq arenada dostları və müttəfiqləri ilə birgə işləməlidir”.

Ekspert erməni cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında lobbi və diaspor təşkilatların da işini yüksək qiymətləndirib:
“Bu gün lobbi və diasporlarımız da bu işdə mühüm addımlar atmaqdadır. Nəzərə almaq lazımdır ki, dünyada bu günləri sivilizasiyalar toqquşması və dini ayrı-seçkilik var. Ermənistanın Azərbaycana qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmağımız o qədər asan məsələ deyil. Biz bundan uzun illərdir ki, məşğuluq. Hətta, Xocalı soyqırımı ilə bağlı dəfələrlə diaspor təşkilatlarımız tədbirlər keçirib. Amma görürük ki, hələ də dünya bu məsələni görməzdən gəlməyə çalışır. Fikrimcə, biz bu məsələni daha böyük arealda və mütəşəkkil şəkildə davamlı etməliyik ki, cəmiyyətin və dövlətin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən də tanınmış olsun”.

“Təsadüfi deyil ki, Prezident İlham Əliyev müharibə dövründə, elə ondan sonra da dünyanın ən mötəbər media orqanlarına müsahibələr verərək münaqişə vəziyyəti ilə bağlı həqiqətləri davamlı olaraq dünyaya çatdırırdı. Prezidentimiz müsahibələrində o qədər ciddi arqumentlərə istinad edirdi ki, onun söylədiklərini qəbul etməmək mümkün deyildi. Dövlətimizin mühüm strateji addımlarından biri də ondan ibarət idi ki, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş ərazilərə intensiv şəkildə səfərlər edirdilər. İnformasiya müharibəsində bu da çox mühüm rola malik idi. Yəni, Dövlət Başçısının atdığı hər addımında həm də informasiya müharibəsinin elementi var idi. İşğaldan azad edilmiş ərazilərimizə dəfələrlə səfər edən Prezidentimiz daima ərazilərimizdə erməni vandalizminin izlərini nümayiş etdirirdi. Təbii ki, bununla da Prezidentimiz dünya ictimaiyyətini erməni vandalizmi ilə bağlı bir daha məlumatdırmış olurdu”, - deyə ekspert qeyd edib.

Politoloq Oqtay Qasımov isə Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi ilə öz iradəsini və potensialını bütün dünyaya nümayiş etdirdi. Onun sözlərinə görə, Azərbaycan xalqı Prezident İlham Əliyevin strateji baxışlarına güvənərək onun rəhbərliyi altında öz sözünü dedi:
“Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi müddətində Ermənistanın saxta təbliğat maşını işə başlamışdı. Yəni, baş vermiş münaqişə vəziyyəti ilə bağlı həqiqətləri təhrif edilərək dünyaya çatdırılırdı. Ancaq ölkə Prezidenti bütün mötəbər tribunalardan Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırdı. Təbii ki, bu vəziyyətdən beynəlxalq informasiya müstəvisində Ermənistanın təcavüzkar dövlət mahiyyətini, işğalçı dövlət olmasını dünyaya çatdırmaq vacib məsələlərdən biri idi. Məlumdur ki, Azərbaycan Prezidentinin hər bir səfəri, hər sözü dünya mediası tərəfindən yaxından izlənilir. Ona görə də əminliklə qeyd etmək olar ki, Prezident işğaldan azad edilmiş ərazilərə səfəri zamanı informasiya müharibəsini də həyata keçirirdi. Ermənistanın Azərbaycan torpağında törətmiş olduğu cinayətləri dünyaya təqdim edirdi. Bir sözlə, Azərbaycanın beynəlxalq informasiya məkanında mövqelərini inamla qoruyaraq Ermənistanın təcavüzkar dövlət obrazını dünyaya tanıtdı və bu gün də bu proses davam edir".

Politoloq qeyd edib ki, Vətən müharibəsi bitdikdən sonra Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülüb və bu gün də görülməkdədir:
“Təbii ki, bununla bağlı məsələlər savaş bitəndən sonrakı dönəmlərdə daha populyar idi. Bununla bağlı ölkə Prezidenti səviyyəsində də daima açıqlamalar edilirdi. Hər kəsə məlumdur ki, Ermənistan dövləti bizim ərazilərdə çoxsaylı vandalizmlər törədib. İnsanlarımızın vəhçicəsinə qətlə yetirilməsi, eyni zamanda işğaldan azad edilən ərazilərdə yaşayış məntəqələrinin, evlərin, tarixi abidələrin dağıdılması, ekoloji terrorun törədilməsi, meşələrin yandırılması kimi məsələlər artıq öz hüquqi qiymətini almalıdır. Azərbaycan bununla bağlı qiymətləndirmə şirkətləri ilə məsələləri yoluna qoymalı və beynəlxalq qiymətləndirmə şirkətləri tərəfindən araşdırmalar aparılıb müvafiq qiymətləndirilmələr həyata keçirilməlidir. Bundan sonra beynəlxalq məhkəməyə təzminatla bağlı müraciətlər edilə bilər. Hesab edirəm ki, bu istiqamətdə hələ xeyli işlər görülməlidir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
Aynurə Pənahqızı Demokrat.az


