Fransanın real durumu Olimpiya oyunlarının fəlsəfəsinə tam ziddir.
2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiya oyunlarının təşkili zamanı böyük maliyyə fırıldaqçılığına yol verildiyi istiqamətində araşdırmalara başlanılıb. Belə ki, nüfuzlu CNN kanalı polisin maliyyə pozuntularına yol verilməsi ilə bağlı Parisdə Olimpiya oyunlarının Təşkilat Komitəsinin ofislərində reydlər keçirdiyi, axtarış apardığı barədə geniş süjet yayımlayıb.
Təşkilat Komitəsinin sözçüsü Conatan Firpo maliyyə polisinin göstərişi ilə axtarışların aparıldığını təsdiqləyib. Həmçinin Fransa Milli Prokurorluğu da Parisdəki oyunlar üçün tikinti və infrastrukturun böyük hissəsinə cavabdeh olan dövlət orqanı SOLIDEO-nun baş qərargahında reyd keçirildiyini təsdiqləyən açıqlama verib.
Yada salmaq yerinə düşər ki, bu ilin may ayında Fransa Milli Olimpiya və İdman Komitəsinin prezidenti Bricit Henrikes istefa vermişdi. Onun bu istefasının da korrupsiya halları ilə bağlı olduğu bildirilirdi. Təşkilatın keçmiş rəhbəri Denis Masselya onu korrupsiya və maliyyə fırıldaqlığında ittiham etmişdi.
Faktlar vurğulamağa əsas verir ki, gələn il iyulun 26-dan avqustun 11-dək Parisdə keçirilməsi nəzərdə tutulan Olimpiya oyunlarından öncə, hətta ilkin hazırlıq mərhələsindən böyük "korrupsiya oyunlarına" start verilib. Baş verənlər Olimpiya oyunlarının şəffaf şəkildə təşkilinə böyük kölgə salmaqla yanaşı, bütövlükdə Yay Oyunlarının normal atmosferdə baş tutmayacağını proqnozlaşdırmağa imkan verir.
Nəzərə almaq lazımdır ki, Fransa ksenofobiyanın bariz nümunələrindən sayılan islamofobiya meyillərinin ən geniş vüsət aldığı ölkələrdən biridir.
Müsəlmanların təqib və təhqir olunması Fransada adi hala çevrilib. Avropaya miqrant axını fonunda daha geniş miqyas alan bu proses müsəlmanlara qarşı qadağaların artması ilə müşahidə olunmaqdadır. Bu ölkədə məscid tikintisinə icazə verilməməsi, hicab qadağasının genişlənməsi, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inancların təhqir edilməsi günümüzün acı reallığıdır. Bu addımları təbii ki, böyük siyasi dəstək, Fransa rəhbərliyinin iradəsi olmadan həyata keçirmək mümkün deyil. “İslam dini hazırda bütün dünyada böhran yaşayır”, “Fransada İslamı xarici təsirdən azad etmək lazımdır”- kimi bəyanatların müəllifi məhz Fransa Prezidenti Emmanuel Makrondur. “İslam separatçılığı qanunu” da mövcud siyasi hakimiyyətin təşəbbüsü ilə qəbul edilib.
Müsəlman ölkələri və müsəlmanlara qarşı törətdiyi cinayətlər baxımından Fransa ləkəli keçmişə sahibdir. 50-dən artıq dövlətin ərazisini işğal edən, insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də nüvə sınaqları həyata keçirməklə Əlcəzairin müsəlman əhalisini məhvə sürükləyən Fransadır! Tarixi ənənələrinə sadiq qalan müasir Fransada müsəlmanlara, həmçinin qaradərili əhaliyə münasibətdə irqçi meyllər daha da artmaqdadır.
Antisemitizm də Fransa cəmiyyətində dərin kök salıb. Statistikaya əsasən, son illərdə Fransadan yüz minlərlə yəhudi köçüb. Günümüzdə Korsika adasında yerli xalqa qarşı tətbiq edilən insanlığa zidd addımlar Fransanın əsl simasını göstərən real hadisələrdir.
Bütün bunların üzərinə Fransanın güc strukturlarının, konkret olaraq yerli polisinin vətəndaşla davranışı, zorakılıq aktlarına yol verilməsi, sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulması ilə bağlı baş verənləri də gəlsək, Olimpiya oyunlarının belə bir ölkədə keçirilməsinin nə dərəcədə məqsədəuyğun olması sualı ortaya çıxır. Çünki Olimpiya oyunları yalnız böyük idman bayramı deyil, dostluğun, qardaşlığın, sağlam rəqabət mədəniyyətinin, saf hisslərin ümümdünya səviyyəsində təcəssümü və təbliğidir. Olimpiya oyunları idman, ictimai-siyasi, iqtisadi və mədəni fenomenləri özündə birləşdirir.
Bugünkü Fransa isə bütün bu keyfiyyətlərdən məhrumdur. İslamofobiya, narkomaniyanın geniş yayıldığı, digər millətlərə qarşı ayrı-seçkilik, başqa dinlərə hörmətsizlik sərgilənən Fransanın real durumu Olimpiya oyunlarının fəlsəfəsinə tam ziddir...
Elman Babayev Əməkdar jurnalist


