Hadisə Özəl

Neftçalada qardaşlar arasında mülk davası — TƏFƏRRÜAT

Neftçalada qardaşlar arasında mülk davası — TƏFƏRRÜAT

Neftçala rayonunda 1965-ci il təvəllüdlü Qabil şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qardaşı Adilə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 23-də baş verib.

Qabil qardaşı Adilin evində məişət zəminində mübahisə zamanı qəsdən şüşə qəndqabını onun başına vurub. Hadisəni törədən Qabilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qabil ona verilən ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, təxminən 30 il əvvəl qardaşı Adil ilə aralarında mübahisə olub və həmin vaxtdan münasibətləri yoxdur:

“Mərhum qardaşım Ramizin Adillə qonşuluqda evi olub. Adil iddia edərək həmin evi məhkəmə yolu ilə alıb. Yəni qardaşım Adil məhkəmədə iddia qaldırdı və bir müddət əvvəl məhkəmə Adilin xeyrinə qətnamə qəbul etdi. Mərhum qardaşım Ramizin oğlu Elşad həmin evdən çıxmadığı üçün məhkəmə tərəfindən inzibati qaydada həbs edildi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 23-də, saat 15.20-də qardaşı Adilin evinə gedib:

“Ondan xahiş etdim ki, mərhum qardaşım Ramizin evi barədə mübahisəni həll etsin. Bu mövzuda söhbət zamanı Adil və arvadı Rəbiyyə dedilər ki, Ramizin uşaqları onlara 20 min manat verəcəkləri halda evi onlara verəcək. Mənim “bəs pul verməsələr” sualına Adil “pul verməsələr, evdən çıxıb küçədə qalarlar” deyə cavab verdi. Buna görə də aramızda mübahisə baş verdi. Əsəbiləşərək stolun üzərində olan şüşə qəndqabını götürdüm və qardaşım Adilin başına vurdum. Daha sonra Adilin evindən çıxaraq getdim”. İş üzrə şahid qismində ifadə verən zərərçəkmiş Adilin həyat yoldaşı Rəbiyyənin sözlərinə görə, mərhum qaynı Ramizin onunla qonşuluqda yaşadığı evi vaxtilə əri Adil tikib: “Buna baxmayaraq qaynım Ramiz vəfat edəndən sonra onun övladları dedilər ki, ev onlarındır. Ərim Adil məhkəmədə iddia qaldırdı və təxminən 1 il 8 ay olar ki, məhkəmə Adilin xeyrinə qətnamə qəbul edib. Mərhum qaynım Ramizin oğlu Elşad həmin evdən çıxmadığı üçün məhkəmə tərəfindən inzibati qaydada həbs edildi”. Şahid deyib ki, fevralın 23-də qaynı Qalib onlara gəlib və Adil ilə ev barəsində söhbət edib: “Qalibə çay da verdim. Söhbət zamanı Qaliblə Adil arasında mübahisə yarandı. Həmin vaxt Qalib stolun üzərində olan şüşə qəndqabını Adilin başına vuraraq ona xəsarət yetirdi”. Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Adil bildirib ki, təqsirləndirilən şəxslə barışıb: “Qardaşıma qarşı heç bir şikayətim və tələbim yoxdur”. Bu cinayət işinə Neftçala rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Qabilin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az