Bakının Nəsimi rayonunda 1999-cu il təvəllüdlü Ayaz şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı sevgilisi İradəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 3-də baş verib.
Ayaz həmin gün, saat 16.00-da şəxs münasibətlər zəminində İradə ilə mübahisə edib. Mübahisə zamanı Ayaz İradəni qəsdən yumruq ilə qarın nahiyyəsinə və təpiyi ilə sol ayaq nahiyyəsinə vuraraq, ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş İradəni tanıyır və onunla arasında sevgi münasibətləri olub:
“Son vaxtlar tez-tez aramızda yaranan mübahisələr səbəbindən İradə məndən ayrılmaq qərarına gəldi. Buna baxmayaraq, mən ayrılmaq istəmədim. Münasibətlərimizi həll etmək üçün hadisə günü, saat 16.00-da İradə ilə görüşdüm. Söhbət zamanı şəxsi münasibətlər zəminində aramızda sözlü mübahisə yarandı.
Daha sonra mübahisə zamanı əsəblərimi cilovlaya bilmədim. İradəni bir dəfə yumruq zərbəsi ilə qarın nahiyəsinə, bir dəfə təpik ilə sol ayaq hissəsinə zərbə vurdum”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən İradənin sözlərinə görə, son zamanlar Ayaz onu dəfələrlə nalayiq sözlərlə təhqir etməsi səbəbindən tez-tez mübahisələri yarandığı üçün ondan ayrılmaq qərarına gəlib:
“Sonuncu dəfə münasibətlərimizlə bağlı danışmaq üçün Ayazla saat 16 radələrində görüşdük. Aramızda olan söhbət əsnasında şəxsi münasibətlər zəminində sözlü mübahisələrimiz yarandı. Nəticədə Ayaz əsəbiləşərək bir dəfə yumruğu ilə qarın nahiyyəmə və bir dəfə təpiyim ilə sol ayaq nahiyyəmə vuraraq məni döydü. Bundan sonra oradan uzaqlaşdı”. Bu cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Ayaz 240 saat ictimai işlər cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icrasına nəzarət edən orqana yaşayış yerini dəyişdirdikdə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsə təyin olunmuş ictimai işlər cəzasının icrası yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


