Region

“Enerji içkiləri gömrükçülərə qalmasın deyə 4-nü də içdim” — Sədərəkdə qadağa iddiası

“Enerji içkiləri gömrükçülərə qalmasın deyə 4-nü də içdim” — Sədərəkdə qadağa iddiası

Sədərək Gömrük Keçid Məntəqəsinin Türkiyədən enerji içkilərinin gətirilməsi ilə bağlı yeni qayda tətbiq etdiyi bildirilir.

Demokrat.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.

Bildirilib ki, qaydaya əsasən, gömrüyü keçən vətəndaşlar Naxçıvana bir ədəd də olsun bu içkilərdən keçirə bilməz. Bundan əvvəl isə hər kəsə 10 ədədə kimi icazə verildiyi deyilir. Sakinlərin sözlərinə görə, qadağa ilə bağlı gömrükdə bildiriş lövhəsi də asılıb.

Şərur rayon sakini Mahir Qurbanov deyib ki, gömrük işçiləri ondan çantasındakı 3 ədəd “Red Bull”u ya açıb içməyi, ya da atmağı tələb ediblər:

“Uzun illərdir Türkiyədə işləyirəm. Tez-tez gedib gəlirəm. İstanbuldan gələrkən hər dəfə 5-10 ədəd enerji içkisi alıram. Yoboyu içdiyimi içib, qalan 3-4 ədədi evə aparırdım. 10 ədədə kimi heç kim bir söz demirdi. Bir neçə gün əvvəl Türkiyədən Naxçıvana gələrkən 3 ədəd “Red Bull” qalmışdı. Dedilər ki, qəti qadağandır. Ya geri qaytar, ya da at sonra gəl keç. Məcbur qalıb enerji içkilərini Türkiyəyə gedən tanışlara hədiyyə etdim”.

Kəngərli rayon sakini Bahadur Mustafayev isə bildirib ki, gömrükdə təhvil verməsin deyə 4 ədəd enerji içkisini birdəfəyə içib:

“İğdırdan 4 ədəd almışdım ki, evdə gündə birini içərəm. Naxçıvanda eyni içkilər ikiqat baha satılır. Gömrük işçiləri dedilər ya aç iç, sonra keç, ya da burda qoy get. Bilirdim ki, orda qoysam, özləri götürüb ya içəcək, ya da evə aparacaqlar. Onlara qalmasın deyə, hamısını açıb orada içdim, sonra gömrüyü keçdim. Əvvəl bir neçə ədədə söz demirdilər. Yeni gələnlər bu monopoliyanı da ələ keçirdikdən sonra bu qadağanı tətbiq etməyə başlayıblar”. Sədərək Gömrük Keçid Məntəqəsindən bütün növ enerji içkilərinə qadağa qoyulduğunu təsdiqləyiblər.

D
demokrat.az