Gündəm Özəl

Siyasi şərhçi: “Dünya azərbaycanlılarının arzusu Ərdoğanın prezident seçilməsidir”

Siyasi şərhçi: “Dünya azərbaycanlılarının arzusu Ərdoğanın prezident seçilməsidir”

“Türkiyədə seçki prosesi ilə bağlı cərəyan edən hadisələr o qədər sürətli və dəyişkəndir ki, öncədən konkret proqnozlaşdırma aparmaq çox çətindir. Şübhəsiz ki, Azərbaycan vətəndaşlarının və bütövlükdə dünyada yaşayan azərbaycanlıların mütləq əksəriyyətinin arzusu Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsidir. Bu, təkcə Azərbaycan və bölgə üçün vacib faktorlardan biri deyil. Bizim subyektiv qənaətimizə görə, bu, daha çox Türkiyəyə lazımdır. Çünki Türkiyənin müstəqil gücə çevrilməsi istiqamətində Rəcəb Tayyib Ərdoğanın başlatdığı yol, eyni zamanda Azərbaycanla birlikdə Türk dünyasının gələcəyi ilə bağlı atdığı addımlar nəticə etibarilə Türkiyənin qlobal bir miqyasda önəmli bir faktora çevrilməsinə imkan yaradıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Analitik qeyd edib ki, bu yolun yarımçıq saxlanılması, ümumiyyətlə, klassik dövlətçilik dəyərlərindən, həmçinin Türk dünyasının perspektivləri ilə bağlı məqamlardan tamamilə uzaq olan bir düşüncənin, bir təfəkkürün Türkiyədə hakimiyyətə gəlməsi qənaətimə görə bir sıra məsələlərdə gecikmələrin, ləngimələrin olmasına zəmin yarada bilər: “Düşünürəm ki, indiki şəraitdə Türkiyədə milli iradə bütün müdaxilələrə və xarici faktorlara qalib gələcək. Seçkinin nəticəsi türk xalqının, millətinin, bütövlükdə dünya türklərinin istəyincə olacaq. Hər halda buna böyük ümidlər bəsləyirəm.

Təbii ki, Türkiyədə baş verən proseslər təkcə Qarabağda, Cənubi Qafqazda deyil, daha bir geniş regionda, bütövlükdə Avrasiyada geosiyasi proseslərin gedişatına ciddi təsir göstərəcək. Bu, şübhəsizdir.

Təbii ki, bu gün uzun illərdən bəri qurulmuş bir əməkdaşlıq modeli, eyni zamanda türk-islam dünyasının əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar, çox ciddi perspektiv olan layihələr var.

Ümid edirəm ki, bu layihələrin tam bir şəkildə həyata keçirilməsi üçün Türkiyəyə gərəkli olan faktor, yəni Rəcəb Tayyib Ərdoğan faktoru yenidən prosesi öz üzərinə götürərək, şübhəsiz ki, ilk növbədə bu prosesin ön cərgəsində olan Azərbaycan lideri ilə və digər Türk dövlətlərinin liderləri ilə birlikdə irəliyə doğru aparacaq. Bölgəyə daimi sülh gələcək. Bu sülh hər kəs üçün vacib olan faktorlardan biridir.

Türkiyənin gücü, potensialı əslində Cənubi Qafqazda, Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində geniş bir subregionda, Qara dənizdə sülhün və ədalətin bərqərar olması üçün vacib şərtlərdən biridir. Bu baxımdan təsadüfü demədim ki, Türkiyənin doğru seçimi nəticə etibarilə çox geniş miqyasda bir geosiyasi proseslərə müsbət təsir göstərə və təhlükəsizlik kimi önəmli məsələlərin ön cərgəyə keçməsinə, insanların daha azad və daha firəvan yaşamasına yol aça bilər”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az