Siyasət Özəl

Elmar Məmmədyarov: “Ermənistan və Azərbaycan arasında danışıqlar birbaşa aparılmalıdır”

Elmar Məmmədyarov: “Ermənistan və Azərbaycan arasında danışıqlar birbaşa aparılmalıdır”

“Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşlərin keçirilməsi müsbət haldır. Ümumiyətlə, hər bir görüş, atılan hər bir addım diplomatiyada çox önəmlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, hələlik proseslərdən müsbət nəticə gözləmək bir qədər çətindir: “Heç kimə sirr deyil ki, Moskva ilə Vaşinqton arasında rəqabət var. Vaşinqtondan sonra görüşün Moskvada keçirilməsi məhz bundan irəli gəlir. Bu yaxınlarda dövlət başçılarının görüşü olacağı gözlənilir. Ümidimizi bağlayaq ki, bəlkə irəliləyiş oldu.

Ümumiyyətlə, bu görüşün hansı nəticə ilə qurtaracağını demək çətindir. Qoy görüş olsun, ondan sonra hansı nəticə ilə razılığa gəldiklərini elan edərlər. Hələlik isə dəqiq analiz vermək çətindir”.

Elmar Məmmədyarov bildirib ki, Ermənistan hələ də sülh sazişinə hazır deyil:

“Sülh sazişi Ermənistana daha vacibdir və bu sənəd olmadan onlar hər zaman çətinlik çəkəcəklər. Zənnimcə, Ermənistan və Azərbaycan arasında danışıqlar birbaşa aparılmalıdır. Bu cür danışıqlar daha effektli olardı. Bununla bağlı cənab Prezidentimiz tərəfindən dəfələrlə bildirilib. Çünki üçüncü tərəflərin hər zaman öz maraqları olur və bu da müsbət nəticələrin əldə olunmasına birbaşa mane olur.

İnanmıram ki, bu yaxınlarda hansısa müsbət irəliləyiş olsun. Olsa lap yaxşıdır. Azərbaycan istənilən vaxt sülh sazişini imzalamağa hazırdır, amma Ermənistan hazır deyil. Çünki Paşinyan deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, amma Qarabağı tanımıram. Gərək desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyirəm, o cümlədən də Dağlıq Qarabağı. Ancaq Paşinyan bunu demir və hər şəkildə bundan boyun qaçırır. Ona görə də tərəflər arasında sülh prosesinə dair razılılıqlarda əngəllər olur”.

Şəhanə Demokrat.az

D
demokrat.az