Hadisə Özəl

Sumqayıtda mağazada qadınlar arasında DAVA

Sumqayıtda mağazada qadınlar arasında DAVA

Sumqayıt şəhərində 1986-cı il təvəllüdlü Aysel mağazalardan birində satıcı işləyən Səbinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 22-də Sumqayıt şəhərində yerləşən marketlərdən birində baş verib.

Aysel marketdə satıcı işləyən Səbinə ilə mağazada olan hansısa malın üzərində qiymət olmaması səbəbindən aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Aysel Səbinəni yumruqla vuraraq ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Ayselin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aysel ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, zərərçəkmiş Səbinəni əvvəllər tanımayıb, onunla ədavət və ya düşmənçiliyi olmayıb:

“Arabir mağazaya geyim almaq üçün getmişəm. Həmin mağazaya arabir getdiyimdən Səbinəni də həmin mağazada satıcı kimi işlədiyini bilmişəm. Buna baxmayaraq aramızda heç bir münasibət olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 22-də, təxminən saat 13 radələrində iki azyaşlı övladları ilə birlikdə mağazasına gedib:

“Özümə alt paltarı almaq istəyirdim. Orada olan paltarlara baxan zaman alt paltarlarından birini götürdüm və üzərində qiymətinin yazılmadığını gördüm. Satıcı Səbinədən həmin paltarın qiymətini soruşanda isə mənə əsəbi şəkildə cavab verdi. Qiyməti bilmədiyini dedi. Təkrar Səbinədən paltarın qiymətini soruşanda və üzərində qiymətinin olmadığını bildirəndə yenə də əsəbi şəkildə cavab verdi, paltarın qiymətini demədi. Səbinənin kobud danışdığını gördüm və ona öz iradımı bildirdim. Səbinə isə yenə də mənimlə kobud danışdı. Sonra isə mənə “vəhşi küçə heyvanı” dedi, ünvanıma təhqiramiz ifadələr işlətdi”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Səbinəyə əhəmiyyət verməyib və mağazadan çıxmaq qərarına gəlib:

“Mağazadan çıxan zaman isə Səbinə ucadan ünvanıma nalayiq söyüşlər söyməyə başladı. Mən isə yenə də öz iradımı bildirəndə Səbinə daha da əsəbi şəkildə məni söyməyə davam etdi. Əsəbiləşərək Səbinəyə yaxınlaşdım, yumruqla bir dəfə sifət nahiyyəsindən vurdum. Bundan sonra orada olan adamlar bizi aralaşdırdı. Mən mağazadan getdim”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, avqustun 22-də, təxminən saat 13 radələrində həmişə olduğu kimi mağazada olduğu zaman Aysel ora gəlib:

“Mən həmin vaxt vitrinləri düzəltmişəm. Aysel yerdə olan səbətdən alt paltarı götürərək məndən həmin paltarın üzərində qiymət yazılmadığını bildirdi və qiymətini soruşdu. Mən isə Ayselə dəqiqləşdirərək deyəcəyimi bildirdim. Aysel isə onunla kobud danışmadığım halda mənə irad bildirdi, nə üçün kobud danışdığımı dedi. Mən də Ayselə belə bir halın baş vermədiyini dedim. Aysel ünvanıma təhqiramiz sözlər işlətdi. Mən də ona öz iradımı bildirdim.

Aysel isə marketdə olan səbəti götürərək qabağıma tulladı və yenə də ünvanıma nalayiq söyüşlər söydü. Qəfildən üzərimə hücum edərək yumruqla sifətimə zərbə vurdu və əli ilə sağ qolumu tutaraq sıxdı. Həmin vaxt orada olan tanımadığım müştərilər və marketin işçiləri Ayseli çətinliklə məndən uzaqlaşdırdılar. Aysel isə sakitləşmək bilməyərək yenə də ucadan ünvanıma nalayiq söyüşlər söydü, üzərimə hücum edərək vurmağa çalışdı. Lakin orada olan şəxslər Ayselin yenə də məni vurmasına imkan vermədilər. Orada olan şəxslər çətinliklə Ayseli sakitləşdirdilər. Aysel əsəbi halda marketdəki vitrinləri də dağıtdıqdan sonra getdi”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Aysel 1000 manat miqdarında cərimə olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az