Bakının Xəzər rayonunda 1991-ci il təvəllüdlü Elgün ailə münaqişəsi zəminində həyat yoldaşı Xumarı (adlar şərti verilib – red.) döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Elgünün barəsində Cinayət Məcəllləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elgün ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2013-cü ildə Xumar ilə ailə həyatı qurub, birgə nikahlarından bir övladı var:
“Hadisə günü evdə olarkən arvadımdan məvəcib aldığı üçün pul istədim. Arvadım isə “evin kişisi sənsən, sən işləyib evi dolandırmalısan” deyərək şəxsiyyətimə toxunan bir neçə söz işlətdi. Buna görə mübahisəmiz oldu. Mübahisə zamanı arvadımı itələyərək yerə yıxdım və təpik ilə vuraraq ona bədən xəsarəti yetirdim”.
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elgünün barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


