Siyasət

Putin Lentsov kimi potensial döyüş generalını niyə "sülhməramlı"ların komandanı təyin etdi?

Putin Lentsov kimi potensial döyüş generalını niyə sülhməramlıların komandanı təyin etdi?

Son hadisələrdən sonra Putin Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya "sülhməramlı" qüvvələrinin "alkaş" və işbaz komandanı, ermənilərlə qızğın alış-verişə girişmiş general-mayor Andrey Volkovu bu gün vəzifəsindən azad etdi və onun yerinə rütbəcə daha yüksək çinli bir zabiti - general-polkovnik Aleksandr Lentsovu təyin etdi.

Kimdir bu Lentsov?

Mən kiçik blits-araşdırma apardım və bu generalın Putinin sevimli generallarının siyahısında olduğunu hiss etdim.

O, peşəkar hərbçidir.

Döyüş generalıdır. Uzun bir döyüş yolu keçib.

Keçmiş SSRİ-nin Əfqanıstanda apardığı müharibədə, habelə Birinci və İkinci Çeçen müharibələrində, Suriyadakı döyüşlərdə fəal iştirak edib. 2014-cü ildə Ukraynada atəşkəs məsələlərinin monitorinqi ilə də məşğul olub. Amma əsl həqiqətdə isə atəşkəsin tez-tez pozulmasına rəvac verib.

Bu general Qarabağdakı müvəqqəti rus "sülhməramlı"larının əvvəlki komandanlarının hər birini daha zəngin döyüş xidmətləri ilə, orden və medalları ilə kölgədə qoyur.

Maraqlıdır, Azərbaycan və Ermənistanın son günlər sürətlə sülhə doğru yönəldikləri bir məqamda və ABŞ-ın hər iki ölkə ilə təmaslarının intensivləşdiyi kritik mərhələdə Rusiya prezidenti nə üçün məhz Lentsov kimi potensial döyüş generalını "sülhməramlı"ların komandanı təyin etdi?

Bu sualın cavabını ermənilərin Lentsovun təyinatına reaksiyasından da tapmaq olar.

Belə ki, erməni Teleqram-kanallarına nəzər salsaq görərik ki, ermənilər general Lentsovun təyinatından məmnun qalıblar. Ermənilər Lentsovu olduqca sərt və qətiyyətli general kimi təqdim edir və bildirirlər ki, bu təyinatdan sonra Qarabağda vəziyyət tezliklə ermənilərin və Rusiyanın xeyrinə dəyişəcək.

Bir sözlə, Volkovdan ciddi şəkildə narazılıq edən separatçılar, onun yerinə Lentsovun təyin edilməsinə sevinirlər.

Biz də Lentsovun fəaliyyətini diqqətlə izləməli və onun Qarabağın yuxarı hissəsində, həmçinin Azərbaycan-Ermənistan sərhədlərində törədə biləcəyi təxribatlara indidən hazır olmalıyıq.

Görünən budur ki, Rusiya Qarabağı öz nəzarəti altında saxlamaq üçün sonuncu varianta əl atır.

P.S.Yeri gəlmişkən, general A.Lentsov Ukrayna tərəfindən sanksiyalar siyahısına daxil edilib. Böyük ehtimalla, ABŞ və digər ölkələr də onun adını yaxın gələcəkdə sanksiyalar siyahısına salacaq.

Ləman Hacıyeva Demokrat.az

D
demokrat.az