Hadisə Özəl

Şamaxıda 58 yaşlı kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Şamaxıda 58 yaşlı kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Şamaxı rayonunda 1961-ci il təvəllüdlü Vidadi ailə münaqişəsi zəminində həyat yoldaşı Sevdaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 3-də, gecə saat 01 radələrində Şamaxı rayonunun kəndində baş verib. Vidadi sahibi olduğu fərdi yaşayış evinin yataq otağında Sevda ilə aralarında şəxsi münasibətləri zəminində mübahisə edib. O, başlanmış münaqişə zamanı yumruqla Sevdanın sifət, burun və bədəninin müxtəlif nahiyələrindən vuraraq, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Vidadinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vidadi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, oktyabrın 3-də, gecə saatlarında yaşadığı evdə olarkən həyat yoldaşı ilə aralarında mübahisə yaranıb: “Həmin zaman Sevda məni təhqir etdiyindən əsəbləşdim. Onun baş və bədən nahiyələrinə bir neçə dəfə əlim ilə vurdum”.

Bu cinayət işinə Şamaxı rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Vidadinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az