Gündəm

İran Zəngəzur dəhlizi ilə Azərbaycanı və dünyanı şantaj etməyə çalışır

İran Zəngəzur dəhlizi ilə Azərbaycanı və dünyanı şantaj etməyə çalışır

İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib ki, Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişiklik regional düşmənlərin əlinə oynayacaq gərginliyin artmasının ölçüsüdür. İran rəsmisinin bu münasibəti Tehranın Zəngəzur dəhlizinin əleyhinə olduğunu göstərir. Və Azərbaycanın qlobal iqtisadi layihələrinə qarşı çıxır.

Halbuki, 2 gün bundan əvvəl İran və Azərbaycan Xarici işlər nazirlərinin telefon danışıqları zamanı müzakirə olunmuşdu ki, birlikdə layihələr icra olunsun və iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlar aradan qaldırılsın. 3 gün ərzində İranın yüksək səviyyəli iki rəsmisinin bir-birinə zidd bəyanat verməsinin səbəbi nədir? Bu İranda dövlətin idarə edilməsində sivillərdən çox “SEPAH”-ın söz sahibi olması anlamına gəlirmi? Politoloq Yeganə Hacıyevanın bu barədəVisiontv.azsaytına açıqlaması: “İranın sadəcə daxili siyasətində deyil, xarici siyasətində də biz məhz, hakim elitanın müxtəlif qruplarının bir – birinin fikirlərinin əlehinə təzadlı fikirlər səsləndirməsini həmişə müşahidə etmişik.Məsələn nümunə üçün: daxili siyasət haqqında danışırıqsa, daxili siyasətdə son etirazlarla bağlı İran hakimiyyətinin bir qrupu qismən liberal mesaj verir, bir də qarşı tərəfdəki qrup həmin mesajların əksinə konservativ mesajlar verir. Və bunu İran hakimiyyəti guya daxildə siyasi qruplar arasında koordinasiyasızlıq kimi göstərməyə çalışsa da bu əslində riyakar siyasətidir. Çünki, İran belə mesajlar səsləndirməklə daxildəki bütün qrupların hamısını sakitləşdirir.

Eyni zamanda da İran xarici siyasət istiqamətində də bu riyakar dəsti – xətti tutub. Azərbaycana münasibətdə biz son iki il beş aydır ki, artan xətt üzrə, bundan qabaq da 44 günlük vətən müharibəsi ərəfəsi və müharibə günləri həm də 2020 – ci il iyul ayından sonra baş verən proseslərdə biz bu riyakar siyasətihər yerdə həmişə müşahidə etmişik. Eyniylə də bu proses yenə də davam etməkdədir. İran Ali Təhlükəsizlik Şurasının rəhbəri Ermənistanda keçən ilin iyun ayında görüş keçirmişdi. Orada mesajlar vermişdi. O mesajların tam əksini o görüşün davamı kimi Bakıya gələndə də səsləndirmişdi. Daha sonra bu görüşün əksinə olan mesajları isə İrana gedəndə ifadə etmişdi.

Əslində Şamxaninin o dövr üçün səsləndirdiyi, İran, Bakı və Tehrandakı mesajları 3 ayrı – ayrı mesajlar idi.Bunların hamısı qeyd etdiyim kimi, Ermənistanda ermənilərin eşitmək istədiyi, daxildə daxili cəmiyyətin eşitmək istədiyi Azərbaycanda da qismən Azərbaycanla münasibətləri qorumaq üçün səsləndirilən mesajlardır. Və İranın guya hakim komandasının güc strukturları ancaq Azərbaycanla müsbət münasibətlərdə maraqlıdır, görüntüsünü verməyə çalışır. Ona görə də sizin də qeyd etdiyiniz Zəngəzurla bağlı, ümumiyyətlə, Cənubi Qafqazda sərhədlərin dəyişməsi ilə bağlı mesajlar və həmçinin iqtisadi layihlərlə bağlı mesajların təzadlı olmasını buradan müəyyən etmək lazımdır. İran artıq neçə dəfə məhz Zəngəzur dəhlizinin açılmasını ən yüksək səviyyədə xarici siyasətində və təhlükəsizlik aspektində onun üçün təhlükə olduğunu və buna icazə vermədiyini elan edib. Paralel olaraq İran hakimiyyəti, Zəngəzurla bağlı fikirlər, fərqli ssenarilər irəli sürməyə və Cənubi Qafqazda bu gün üçün dünyanın onun üzərinə gəldiyi bir zamanda Azərbaycanla münasibətlərlə və Zəngəzur dəhlizi ilə dünyanı şantaj etməyə çalışır. Nümunə üçün qeyd edim ki, İran Zəngəzur dəhlizi ilə hər hansısa bir hərbi aktivlik həyata keçirməklə daha sonrakı mərhələlərdə geri çəkilməklə və bunun da müqabilində müəyyən imtiyazlar əldə edəcəkdir. İranın hazırkı dövrdə məqsədi də budur. İran Xarici işlər naziri ilə Azərbaycan Xarici işlər nazirinin telefon danışığından sonrakı mərhələlərdə telefon danışıqlarını, Azərbaycan tərəfi də ən azından münasibətlərin istiləşməsinə yönəlik hər hansısa bir səy kimi qəbul etməsi ilə bağlı fikrini bildirdi.Və Azərbaycan tərəfi haqlıdır. Azərbaycan Xarici İşlər nazirliyi məsələyə belə yanaşır ki, ən azından təmaslar varsa münasibətlərin inkişafını ehtimal etmək olar. Amma məsələ ondadır ki, məhz ondan sonra İranın dövlət mediasının və dövlət media təsisatlarının, həmçinin dövlət qurumlarına bağlı media təsisatları və nəhayət İranın dəstəklədiyi terror qruplarının Azərbaycanla bağlı çıxışlarına baxmaq kifayətdir. Məhz o telefon danışığından sonra İranın “SEPAH” - a bağlı və dini radikal dairələrə aid mediası Azərbaycana qarşı növbəti hücum təşkil etmişdi.

“SEPAH” -ın törəməsi olan, onun maddi – mənəvi dəstəyi ilə formalaşan günü bu gün ayaq üstə dayanan “Hüseyniyyun” təşkilatı da birmənalı olaraq Azərbaycana qarşı həm terror hədələri irəli sürdü həm də Gəncədəki 2018 – ci ildəki terror hadisələrində məsuliyyəti öz üzərinə götürdü. Bundan sonrakı terror hadisələrini də elan etdi. İranın bu dairələrinin davranışlarının daha sonrakı addımlarını izləyən biri kimi biz qeyd edə bilərik ki, bu proseslərin arxasında onların real addımları duracaq. Biz İranın Azərbaycana münasibətdə İran rəsmilərinin nə deməsindən asılı olmayaraq gərginləşməyə gedən aktivlərini izləyəcəyik.”

NE
Nihadə Eyyubova