Mingəçevir şəhərində 1994-cü il təvəllüdlü İntiqam ailə münaqişəsi zəminində həyat yoldaşı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il baş verib.
İntiqam hadisə baş verən günü, gecə saat saat 03.30-da Vüsalə onun yaşadığı ünvana gəlib. Vüsalə qapını döysə də, İntiqamın açmadığını görüb. Bu səbəbdən Vüsalə İntiqamı nalayiq ifadələrlə təhqir edib.
Bu səbəbdən İntiqam Vüsalədən qisas almaq istəyib. Bu məqsədlə o, yaşadığı mənzildəki masanın üzərindən bıçağını götürüb və yaşadığı binanın blokuna çıxıb. Onun əlində bıçaq olduğunu görən Vüsalə qaçmaq istəyib.
Bu zaman İntiqam Vüsaləyə yaxınlaşıb, əlində olan həmin bıçaqla onun sol baldır nahiyyəsinə xəsarət yetirib.
İstintaq orqanı tərəfindən İntiqamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Vüsalə ilə aralarında tez-tez münaqişə olub:
“Bu səbəbdən Vüsalə uşaqları götürüb və anasının yaşadığı evə gedib. Mən uşaqlarımı görmək üçün onlara getdim. Qayınanam ilə aramız da mübahisə yarandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra gecə 03.30-da Vüsalə onun yaşadığı evə gəlib:
“Vüsalə qapını təpiklə möhkəm vurdu, ünvanıma nalayiq sözlər işlətdiyi üçün əsəbləşdim. Mətbəx otağında olan kiçik həcmli bıçağı əlimə götürdüm və bloka çıxdım. Vüsalə məni gördü və pilləkəni tez-tez düşməyə çalışdı. Ancaq müvazimətini itirərək yıxıldı. Mən də Vüsalənin yanına çatdın və onun sol baldırın içəri səthinə zərbə vuraraq xəsarət yetirdim. Bu zaman qardaşım bizi ayırdı. Vüsalə də oradan qaçaraq uzaqlaşdı”.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, İntiqam ilə aralarında tez-tez münaqişə olduğu üçün azyaşlı övladları ilə birgə yaşadığı evdən çıxıb və anasına məxsus evə gedib:
“Hal-hazıradək övladlarım ilə birgə anamın yanında qalıram. İntiqam da ara-sıra övladlarını görmək üçün oraya gəlib-gedirdi”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü, gecə saat 02.30-da işlədiyi çörəkbişirmə sexindən çıxaraq yaşadığı ünvana gələn zaman İntiqamın anasını döyməsini öyrənib:
“Həmin gün gecə saat 03.30-da İntiqamın yaşadığı ünvana getdim. Mənzilin qapısını döysəm də, İntiqam qapını açmadı. Buna görə əsəbləşdim və onun ünvanına nalayiq ifadələr işlətdim. Bu zaman İntiqam əlində mətbəx bıçağı ilə bloka çıxdı və mənim üzərimə gəldi. Həmin vaxt qorxaraq tələsik blokun pilləkənlərini düşən zaman ehtiyyatsızlığından müvazinətini itirdim və yerə yıxıldım. Bundan sonra İntiqam dərhal mənə yaxınlaşdı və əlində olan kiçik həcimli mətbəx bıçağı ilə sol ayağımın baldır nahiyyəsinin içəri səthinə bir dəfə zərbə vurdu”.
Bu cinayət işinə Mingəçevir şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən məhkəmə İntiqamın barəsində olan cinayət təqibinə xitam verib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


