Lənkəranda 1971-ci il təvəllüdlü Ələddin şəxsi münasibətlər zəminində qardaşı Rahimə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Ələddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ələddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, iş üzrə zərərçəkmiş Rahim onun doğma qardaşıdır:
“Rahim bazarda lotereya satmaqla gəlir əldə edir və qazandığı pulları içkiyə xərcləyir. Bu ilin yanvarın 13-də, saat 18 radələrində yaşadığımız evin həyətində olarkən qardaşım Rahim içkili vəziyyətdə həyətə gəldi. Mən də spirtli içki qəbul etməsinə görə Rahimə irad bildirdim. Bu səbəbdən aramızda münaqişə baş verd. Münaqışə zamanı yerdən dəmir parçasını götürərək Rahimin baş nahiyəsinə və sol qol nahiyəsinə bir neçə zərbə vurdum. Aldığı xəsarətlərdən Rahim yerə yıxıldı”.
Bu cinayət işinə Lənkəran şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Ələddinin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətdən azad edilib.
Fariz Məlikli Demokrat.az


