Təhlil Özəl

Çinin İslam “sevgisi”...

Çinin İslam “sevgisi”...

Müsəlmanları bir araya yığan Pekinin məqsədi nədir?

Şanxay Əməkdaşlıq Təşkilatı İslam dünyasını "çətiri altına" yığmağa davam edir. Çin müsəlmanlara "ağabəylik" etmək iddiasında qətidir. Ən son İran və Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşmasına rəsmi Pekinin təşəbbüsü, ardınca krallığın Nazirlər Kabinetinin ŞƏT dialoqunda tərəfdaş statusunun verilməsi haqqında memorandumu təsdiqləməsi prosesin sürət götürdüyündən xəbər verir.

Hazırda Şanxay Əməkdaşlıq Təşkilatında bir çox müsəlman ölkələrini görə bilərik. Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan təşkilata üzv ölkələrdir. Üstəlik, digər üzv ölkələrdə də xeyli sayda müsəlman yaşayır. Sonuncu nümunə həm Çinin özünə, həm də Hindistanla Rusiyaya aiddir.

Əfqanıstan, İran müşahidəçi, Azərbaycan, Türkiyə isə tərəfdaş ölkələr statusuna malikdir.

Misir, Qətər və Səudiyyə Ərəbistanı ilə ŞƏT dialoq üzrə tərəfdaşlıq memorandumu imzalanıb, Bəhreyn, Küveyt, Maldiv adaları, BƏƏ ilə dialoq üzrə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması barədə qərar qəbul edilib.

Bundan savayı ŞƏT ilə əməkdaşlıq edən ölkələrdən olan Myanma əhalisinin 4%-i, Nepalın isə 3%-i müsəlmandır.

Müsəlmanları bir araya yığan Pekinin məqsədi nədir?

Amerikalı politoloq Samuel Hantinqton "Sivilizasiyaların toqquşması" kitabında bildirir ki, Qərb dünyasının bir neçə özək dövləti var. Obrazlar Xristian dininin məshəb fərqinə görə baş verir. Katoliklər arasında ABŞ və Fransa özək dövlətdir. Protestanlar arasında Böyük Britaniya və Almaniya zamanla mövqeyini dəyişir. Provoslavlara gəlincə, burada bir özək dövlət görürük: Rusiya Federasiyası. Şərqdə isə Çin, Hindistan liderdir. Göründüyü kimi bölgülər din və məshəblərə görə fərqlənir.

Lakin müsəlmanlar arasında özək dövlət yoxdur. Afrikanın şimalında yerləşən İslam ölkələri Avropaya Şərqdən daha çox meyl edir. Özək dövlət olmağa iddia ilə çıxış edən İran, Səudiyyə Ərəbistanı, Pakistan, İndoneziya və Türkiyəni görürük. Amma onlar müxtəlif səbəblərə görə İslam dünyasında "rəhbər" ola bilmir.

İran ilə Səudiyyə Ərəbistanı arasındakı məshəb fərqi var. Bu çox ciddi maneədir. İndoneziya isə regiona çox uzaqdır. Həm də buddizmə əsaslanan keçmiş və mədəniyyət fərqi cənub-şərqi asiyalıları İslamın özək dövləti etmir. Pakistan iqtisadi cəhətdən o gücə malik deyil.

Türkiyə isə İslam dünyası üçün çox müasirdir. Xüsusilə də Mustafa Kamal Atatürkün dönəmində Türkiyə müasirləşmə yolunu seçdi. Əgər Türkiyə İslam dünyasına özək dövlət olmaq istəyirsə, üzünü Qərbə yox, Şərqə çevirməlidir. Üstəlik, Türkiyədə hakimiyyətə Atatürk kimi şəxs gəlməli və lider olmalıdır. Eləcə də İslam ideyaları üstün olmalıdır.

Samuel Hantinqton 27 il əvvəl İslam dünyası üçün mənzərəni belə təqdim edib. Həmin səbəblər bu gün də aktuallığını qoruyur. Yeganə istisna Türkiyə ola bilərdi. Lakin hazırda Türkiyə prezident seçkilərinə hazırlaşır və bu, xarici siyasətdə rəsmi Ankaranın "əlini zəiflədir".

Bütün tarixi proseslər Çinin yolunu açır. Rusiyaya qarşı təzyiqlər və Kremlin nüfuzdan düşməsi, Qərbin ağır sosial-iqtisadi sınaqla üz-üzə qalması, ABŞ-da müşahidə edilən iqtisadi eniş Pekin üçün yeni fürsətlər qazandırır. Çin illərdir əlverişli zaman gözləyirdi ki, dünyadakı ABŞ hegemonluğuna son qoysun. Rəsmi Pekin düşünür ki, Vaşinqton hökümətini öz sərhədləri çərçivəsinə sıxışdırmaq zamanıdır. Bu çox ciddi məqsəddir və enerji resurslarının böyük hissəsini özündə cəmləşdirən müsəlmanlar ilə yaxşı münasibətlər tələb edir.

Çini İslam dünyasında ABŞ ilə müqayisədə üstün edən bir neçə amil var. Daha doğrusu, Vaşinqtonu Pekindən geri salan səbəblər deyə bilərik. Söhbət Əfqanıstan və İraqın işğalından, İranla olan düşmən münasibətdən, Türkiyə ilə yaşanan siyasi gərginlikdən gedir. Bütün bunlara görə Amerika Birləşmiş Ştatları hələ də müsəlmanların gözündə "şeytan" obrazındadır.

Çin artıq İslam dünyası ilə dostluğun "bəhrəsini" də toplamağa yaxındır. Rusiya, Çin və Braziliya ilə yanaşı, İran və Səudiyyə Ərəbistanı da beynəlxalq maliyyə əməliyyatları zamanı ABŞ dollarından imtina etməyə çox yaxındırlar. Neft bazarında dolların nüfuzdan düşməsi isə ABŞ üçün yaxşı heç nə vəd etmir.

ABŞ-ın müsəlman dünyasında artan Çin nüfuzuna təsir etmək üçün iki imkanı qalır. Birincisi ənənəvi "demokratiya nağılıdır". Hazırki geosiyasi vəziyyətdə bu təsir vasitəsi effektli görünmür. Üstəlik, Asiya təfəkkürü üçün liberal-demokratik dəyərlər doğma deyil. Bu barədə yapon əsilli amerikalı filosof və politoloq Frensis Fukuyama "Tarixin sonu və sonuncu insan" kitabında belə yazır: "Bu[Asiya] ölkələrin bir çoxunda demokratiyaya iqtisadi inkişafın "ayağından asılmış yük" kimi baxırlar, çünki o, rasional iqtisadi planlaşdırmaya mane olur və fərdlərin eqoistik istəklərinə meydan açaraq cəmiyyətin ümumi maraqları üçün faydalı olan birliyi pozur".

İkinci təsir imkanı isə Çində yaşayan uyğur türkləri amilidir. Rəsmi Vaşinqton Çində müsəlman türklərə qarşı törədilən cinayətləri dünya ictimaiyyətinə dolğun şəkildə çatdıra bilsə, Çinin İslam dünyasındakı artan nüfuzuna "badalaq vura bilər".

Ürfan Məmmədli Demokrat.az

D
demokrat.az