Bu gün Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə rayonun mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş ümumtəhsil şəhər məktəbləri arasında voleybol idman növü üzrə rayon turniri keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yarış iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər ölkəmizdə var.

Gənclərin fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına şərait yaradır.
Sonra Salyan rayon İcra Hakimiyyətinin ictimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahab Əhmədov ulu öndər Heydər Əliyevin mübariz həyat yolundan bəhs edərək bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. 
Sonra “Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Məhərrəm Abuşov çıxış edərək bildirdi ki, Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. 
Püşkatmadan sonra birinciliyə start verildi. Maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin sonunda III yeri şəhər 2 saylı tam orta məktəbin komandası, II yeri şəhər 7 saylı məktəb-liseyin komandası , I yeri isə şəhər 6 saylı tam orta məktəbin komandası qazandı.
Qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundu.


Demokrat.az


