Qarabağ Özəl

Polkovnik Ramaldanov: "Azərbaycan ərazisində erməni terrorçuları var"

Polkovnik Ramaldanov: Azərbaycan ərazisində erməni terrorçuları var

"Ekofəalların keçirdiyi aksiya ilə Xankəndi-Laçın yolu, Qarabağ iqtisadi zonası, sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı bir çox məsələlərə müəyyən şəkildə aydınlıq gətirildi. Çünki sülhməramlı qüvvələrin rəhbərliyinin hörmətsizliyi, ekoaktivistlərin qabağına birinci şəxsin çıxmaması, bir sıra məsələlərə aydınlıq gətirilməməsi, bizim nümayəndələrimizə Azərbaycan ərazisində monitorinq keçirmək üçün şərait yaratmaması və s. onu göstərdi ki, Rusiya sülhməramlıları ermənilərin marağını müdafiə edir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Hərbi ekspert vurğulayıb ki, ermənilər alternativ yolu işlək vəziyyətə gətirib və həmin alternativ yolla silah-sursatın daşımasını, bölgəyə qanunsuz hərbçilərin gətirilirməsini həyata keçiriblər:

"Təəssüflər olsun ki, rus sülhməramlıları da bütün bunlara göz yumub. Yəni, bunlar hamısı onu göstərir ki, Laçın yolu prinsip cəhətdən tam şəkildə separatçıların və erməni hərbi-siyasi rəhbərliyinin maraqlarına işləyən bir dəhliz olub. Bu yolla bizim təbii sərvətlərimiz talan olunub, arzu olunmayan şəxslər icazəsiz Azərbaycan ərazisinə Laçın dəhlizi yolu ilə keçiblər. Ekofəalların orada olması, əlbəttə, müəyyən bir şəkildə bu məsələləri məhdudlaşdırdı və onlar da alternativ yola üz tutmalı oldular. Beləliklə, torpaq yolu ilə öz işlərini davam etdirdilər. Əlbəttə, ekofəallar orada olmasaydı, ola bilsin ki, bu məsələlərə bu qədər konkret faktlarla və dəqiqliklə biz aydınlıq gətirə bilməyəcəkdik".

Anti-terror əməliyyatına gəlincə, polkovnik Ramaldanov bildirib ki, Azərbaycan dövləti bu məsələni həmişə nəzarətində saxlayır:

"Bilirsiniz ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində qələbə çalandan dərhal sonra məhz ordunun inkişafı ilə bağlı çox böyük islahatlar apardı və Türkiyə ordusunun modeli istiqamətində inkişafını davam etdirdi. Dəyişikliklər həm Müdafiə Nazirliyinin ştat strukturunda, həm də yeni komanda hərbi hissələrin yaranmasında, həm xüsusi təyinatlıların iki dəfə çox artırılmasında özünü açıq şəkildə göstərdi. Bundan başqa, ən müasir texnikanın və atəş vasitələrinin Azərbaycan ordusuna gətirilməsi gələcəkdə ola biləcək bu cür gərginliyin əvvəlcədən qarşısının alınması üçün atılan addımlar idi. Azərbaycan ordusu bu regionda yeganə sülhü bərqərar edən, sülhü qoruyan bir ordudur. Azərbaycanın maraqları bu gün bu regionda sülhün qorunması, azad olunmuş torpaqların infrastrukturunu bərpa edib, gələcəkdə həmin böyük layihələrin Zəngəzur dəhlizi ilə istiqamətləndirilməkdir. Ancaq əlbəttə, buna qarşı çıxan qüvvələr həmişə var və bunu nəzərə alaraq Azərbaycan ordusu cənab Prezidentin şəxsi səyləri nəticəsində yenidən gücləndirilir. Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə qadirdir. Həm də anti-terror əməliyyatının gündəmdə olması mən sadaladığım amillərə bağlıdır".

Şair Ramaldanov qeyd edib ki, üçtərəfli Bəyannamənin dördüncü bəndi indiyədək hələ də yerinə yetirilməyib:

"Bu gün Azərbaycan ərazisində qanunsuz erməni hərbi dəstələri, terrorçular var. Belə olduğu halda, əlbəttə, anti-terror əməliyyatı aparmaq və anti-terror əməliyyatının aparılmasına hazırlıq tədbirləri görmək indiki yaranmış vəziyyətdən irəli gələn tədbirlərdir. Ona görə də əgər Azərbaycan dövləti, Azərbaycan ordusu anti-terror əməliyyatı keçirtməklə bağlı əmr alarsa, o əmri şərəflə yerinə yetirəcək! Cənab Prezidentin çox yaxşı bir kəlamı var: "Mən bilirəm nə zaman, necə, nə etmək lazımdır!". Hər halda anti-terror əməliyyatın aparılması Ali Baş Komandanın səlahiyyətindədir və əmri Ali Baş Komandan verməlidir. Ona görə də düşünürəm ki, məqamı çatanda anti-terror əməliyyatı aparıla bilər".

Aynurə Demokrat.az

D
demokrat.az