Gəncə şəhərində 1993-cü il təvəllüdlü Murad həyat yoldaşı Türkanı öldürməklə hədələyib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Muradın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə), 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada protokol yazılıb.
İş üzrə izahat verən Murad bildirib ki, martın 3-də, təxminən saat 22.00-da dostları ilə birgə araq içib və yemək yedikdən sonra iki azyaşlı övladı yadına düşdüyü üçün onları görmək istəyib:
“Buna görə də sərxoş vəziyyətdə martın 4-də, təxminən saat 01 radələrində arvadım Türkanın yaşadığı evə getdim. Qapını döysəm də, arvadım qapını açmadı. Mən də əsəbləşərək qapıya bir dəfə təpik zərbəsi vurdum, yüksək səs tonuyla danışaraq övladlarım ilə birgə yatmaq üçün qapının açılmasını tələb etdim”.
Murad deyib ki, daha sonra səsini eşidən qayınatası onun yanına gəlib və qolundan tutaraq binanın qarşısına gətirib:
“Həmin vaxt polis əməkdaşları mənə yaxınlaşaraq 4-cü polis bölməsinə gətirdilər”.
Murad bildirib ki, narkotik vasitə qəbul etməyi ilə bağlı isə uzun müddətdir narkotik vasitə istifadə etmir.
Onun sözlərinə görə, sonuncu dəfə isə təxminən 5 ay bundan əvvəl narkotik vasitə istifadə edib.
Bundan əlavə deyib ki, arvadını döyməyib, ona hər hansı fiziki ağrı yetirməyib və onu öldürməklə hədələyib.
İş üzrə zərərçəkmiş qismində izahat verən Turkanın sözlərinə görə, təxminən 2 ilə yaxındır tək yaşayır:
“Tək yaşamağıma səbəb isə ərimin mütəmadi olaraq spirtli içki və narkotik vasitə qəbul edərək məni döyməsi, bıçaqla öldürməklə hədələmələri olub. Bunun üçün də azyaşlı övladlarım ilə birlikdə yaşayıram. Muradla rəsmi qaydada boşanmaq üçün Gəncə şəhər Məhkəməsində iddia qaldırmışam. Hazırda iddiam əsasında işə baxılır”.
Turkan qeyd edib ki, əri martın 4-də, saat təxminən 01-02 radələrində sərxoş halda və narkotik vasitənin təsiri altında əvvəllər birgə yaşadığı, ona məxsus olan evə gəlib:
“Evin giriş qapısını döydü və onu evə buraxmağımı dedi. Ona evin qapısını açmayacağımı, onunla boşanmaq ərəfəsində olduğumu dedim. Belə dedikdə Murad da uca səslə binanın dəhlizində qışqırdı, təpiklə evin giriş qapısının kilidini vuraraq sındırdı. Sonra isə əlində olan açılıb-qatlanan bıçağı giriş qapısının gözlük hissəsindən mənə göstərdi. Həmin bıçaqla məni öldürməklə hədələdi. Bunun üçün də 102 xidmətinə zəng etdim. Bu barədə məlumat verdim. Məlumat verdikdən sonra polis əməkdaşları oraya gəldi və Muradı apardılar”.
Bu işə Gəncə şəhər Məhkəməsində baxılıb. Hakim Asif Əliyevin sədrliyi ilə baş tutan iclasda qərar elan olunub.
Qərara görə, Murad inzibati qaydada 1 ay müddətinə həbs edilib. Onun həbs cəzasının əvvəli martın 5-dən hesablanması qərara alınıb.
Fariz Məlikli Demokrat.az


