Qarabağ Özəl

Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası başlayır

Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası başlayır

Qarabağdakı erməni vətəndaşlarımızla ilk real təmaslar başlandı. Fevralın 24-də keçirilən görüşün detalları bunu deməyə əsas verir.

Rəsmi Bakı əvvəldən ən yüksək səviyyədə elan edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar və Azərbaycan qanunları ilə yaşamalıdırlar. Keçirilən görüş də bu istiqamətdə atılan ilk müsbət addımdır.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib. Bu o deməkdir ki, Laçın yolundakı aksiyanın tələbinin yerinə yetirilməsi müzakirə edilib.

Lakin bu, kiçik detallardan biridir. Əsas müzakirə mövzusu erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır.

Əsas diqqətçəkən məqamlardan biri də məsul şəxs qismində məhz Milli Məclisin deputatı Ramil Məmmədovun, yəni qanunverici orqanın üzvünün iştirak etməsidir. Bu o deməkdir ki, Qarabağdaklı erməni əhalisi ilə təmaslar qanunvericilik səviyyəsində qurulur və prosesin məntiqi nəticəsi onların Azərbaycan cəmiyyətinə inteqrasiyası olmalıdır. Bu həm də o deməkdir ki, görüşdəki ermənilər Ermənistanın iddia etdiyi kimi “tərəf” yox, əhalinin təmsilçiləridir.

İlk görüşün Rusiya sülhməramlılarının “moderatorluğu” ilə keçirilməsinə baxmayaraq, növbəti görüşlərin vasitəçisiz olacağı haqda məlumatlar var. O cümlədən, görüş yeri kimi Bərdənin, Ağdamın, Gəncənin və Bakının da adı çəkilir.

Beləliklə, Qarabağdakı ermənilər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi məsuliyyət zonasından çıxır, Azərbaycan qanunları altında yaşamaq istiqamətində addımlar atılır.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az