Balakən rayonunda küçədə xuliqanlıq edən şəxs polislərə müqavimət göstərib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 26-da baş verib. Həmin gün saat 16.00-da Balakən rayonu Qabaqçöl qəsəbə ərazisində Qaysa kənd sakini, 1986-cı il təvəllüdlü Cəmil (ad şərti verilib – red.) ucadan ünvansız söyüşlər işlədib, ictimai qaydanı pozub. O, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.
Cəmil izahatında göstərib ki, həmin gün saat təxminən 15 radələrində yaşadığı Qaysa kəndindən Qabaqçöl qəsəbəsinin mərkəzinə gəlib: “Bir müddət burada vaxt keçirdikdən sonra saat təxminən 16 radələrində istifadəmdə olan mobil nömrəyə tanışım, hazırda Rusiya Federasiyasında yaşayan Azər adlı şəxs “vhatsapp” proqramı vasitəsi ilə zəng vurdu. Zəngi açdıqda Azər bildirdi ki, sənin mənə 500 manat borcun var. Azərə borcum olmadığını bildirdim. Aramızda sözlü mübahisə baş verdi. Azərin ünvanına ətrafda qadınların və uşaqların olmasına məhəl qoymadan uca səslə nalayiq söyüşlər söyməyə başladım. Həmin vaxt iki nəfər polis əməkdaşı mənə yaxınlaşdı. Ətrafda başqa şəxslərin olmasını bildirərək məni ictimai qaydanı pozmamağa dəvət etdilər. Özümdən çıxmış halda oldum. Əsəblərimə hakim ola bilmədim. Buna görə də polis əməkdaşları məndən etdiyim davranışlara son qoymağı tələb etsələr də, onların qanuni tələblərinə məhəl qoymadan yenə də söyüşlər söyməyə davam etdim. Polislər mənimlə xeyli söhbət apardıqdan sonra məni polis bölməsinə apardılar. Polis bölməsində sakitləşdim. Əməlimdən peşmanam. Gələcəkdə bir daha belə əməllərə yol verməyəcəm”.
Cəmilin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəlləri ilə inzibati qaydada protokol yazılıb.
İş baxılması üçün Balakən rayon Məhkəməsinə göndərilib.
Hakim Hümbət Səlimovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. Qərara görə, Cəmil 18 gün müddətə inzibati qaydada həbs edilib.
Cəmilin həbs edilməsinin əvvəli fevralın 28-də hesablanması barədə qərar qəbul edilib.
Fariz Məlikli Demokrat.az


