Şamaxı rayonunda 1966-cı il təvəllüdlü İlqar ailə münaqişəsi zəminində qeyri-rəsmi yayaşdığı həyat yoldaşı Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 23-də baş verib.
İlqar yaşadıqları evdə qeyri-rəsmi yaşadığı Sevil ilə aralarında ailə məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı əli ilə onun sifət, baş və çənə nahiyəsinə bir neçə zərbə vurub.
İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, birinci həyat yoldaşı ilə ayrıldıqdan sonra 2020-ci ilin may ayında Sabirabad rayon sakini Sevil ilə qeyri-rəsmi olaraq ailə həyatı qurub: “Yaşadığım müddət ərzində uşaqlarımız olmayıb. Həyat yoldaşım ilə münasibətlərimiz yaxşı olub. Aralarında dava-dalaş və mübahisə, münaqişə belə olmayıb, mehriban yola getmişik. Lakin son vaxtlar Sevil mənim yeməyimi hazır etmədiyi, ev işlərinə baxmadığı, geyim əşyalarımı yumadığı üçün dəfələrlə ona öz iradımı bildirsəm də, o, öz hərəkətlərini davam etdirdi. Etdiyi hərəkətlərə haqq qazandırdı. Sevil son vaxtlar məni dindirmədi. Dindirəndə də cavab qaytardı. Bu zəmində aramızda mübahisə yarandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 23-də, saat 15 radələrində özünə məxsus olan avtomobili idarə edib və evin giriş darvazasına çataraq siqnal versə də, Sevil evin giriş darvazasını açmayıb: “Bundan sonra evin giriş darvazasını açaraq avtomobili həyətə saldım. Sonra evə girdim, həyat yoldaşıma öz iradımı bildirdim. Bu zəmində Sevil ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı əlimin arxası ilə bir neçə dəfə onun çənə və sifət nahiyəsinə zərblə yox, yüngülcə vurdum. Sevil sonradan barəmdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veridiyini, rayon polis şöbəsinə müracət etdiyini bildim. Təxminən iki saatdan sonra həyat yoldaşım qardaşı arvadına zəng etdi, hadisə barədə məlumat verdi. Sonra qaynım və baldızım, qaynım arvadı yaşadığımız kəndə gəldi. Qaynım qollarımdan tutdu və həyat yoldaşım mənim boğaz nahiyəmi dırnaqları ilə cırdı”.
Cinayət işi üzrə zərərçəkmiş Sevilin sözlərinə görə, əvvəllər həyat yoldaşı İlqar ilə münasibətləri normal olub: “İlqar son vaxtlar spirtli içki qəbul edərək mənimlə mübahisə etməsi müntəzəm hal aldı. Dəfələrlə İlqara spirtli içki qəbul etməməsini desəm də, sonuncu yenə də öz hərəkətlərini davam etdirib, spirtli içki qəbul edib, mənimlə mübahisə edib”.
Sevil qeyd edib ki, noyabrın 23-də, saat 15 radələrində evdə olan zaman İlqar evə girib: “Evin giriş darvazasını açaraq onu qarşılamadığıma öz iradını bildirdi. Cavabımda küçəyə çıxdığımı, yanında adam olduğundan qayıdaraq evə gəldiyimi dedim. Buna baxmayaraq İlqar saçımdan yapışaraq yerə yıxdı, sonra isə təpiklə məni vurdu. Rəpiyin zərbələri boyun, sifət və çənə nahiyəmə dəydi. Özümü müdafiə etmək üçün İlqarın boyun nahiyəsini dırnaqlarım ilə cırdım”.
Bu cinayət işinə Şamaxı rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət etməməsini nəzərə alıb.
Bu səbəbdən məhkəmə İlqarın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


