Hadisə Özəl

Bakıda tanışlar arasında borca görə qanlı dava düşdü

Bakıda tanışlar arasında borca görə qanlı dava düşdü

Bakının Suraxanı rayonunda 1980-ci il təvəllüdlü Ramin şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Talehə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 3 mart 2022-ci ildə, saat 13.00-da Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən “OBA” marketin yaxınlığında baş verib.

Ramin orada tanışı Talehə bir neçə gün əvvəl borc kimi verdiyi pulu qaytarmamasını cüzi səbəb kimi bəhanə edib, üzərində bıçaq ilə bir dəfə onun bədən nahiyəsindən vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Raminin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, verilmiş ittihamla razı deyil: “Mənim Talehlə aramızda cüzi mübahisəmiz olub. Sonra isə Taleh məni söyüb. Mən sağ tərəfdən bir dəfə Talehə bıçaq zərbəsi vurmuşam. Buna səbəb isə o olub ki, Taleh məndən bir neçə gün qabaq borc pul alıb. Lakin pulu qaytarmadığı üçün aramızda mübahisə yarandı”. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkmiş şəxslə hadisə baş verən gün təsadüfən rastlaşdığını deyib: ”Talehdən pulumu istədim. Taleh pulumu qaytarmayacağını bildirdi. Ssonra mən bıçaqla Talehi vurdum. Hadisə “OBA” marketin yanında baş verib. Sonradan bıçağı polisə təhvil verdim”.

Ramin bildirib ki, zərərçəkmiş şəxsi hadisədən 4-5 ay qabaqdan tanıyıb, ona 15 manat pul verib. O, törətdiyi əməldən peşman olduğunu da bildirib. Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Talehin sözlərinə görə, Ramini hadisədən təxminən 4-5 ay qabaqdan tanıyıb: “Normal münasibətlərimiz olub və aramızda heç vaxt mübahisə, narazılıq və dava-dalaş olmayıb. 2022-ci ilin fevralında hadisədən təxminən 5 gün əvvəl Yeni Suraxanı qəsəbəsində olan vaxt təsadüfən Raminlə görüşdüm. Pula ehtiyacım olduğuna görə, Ramindən 15 manat borc pul istədim. Ramin də üstündə cəmi 15 manat pulu olduğunu bildirdi. Özünün də pula ehtiyacı olduğuna görə sonrakı gün qaytarmaq şərti ilə 15 manatı mənə verdi. Lakin səhəri günü Raminə pulu qaytara bilmədim. Ramin mənə zəng etsə də, pulum olmadığına görə zənglərə cavab vermədim”.

Zərərçəkmiş qeyd edib ki, martın 3-də, saat 13.00-da Yeni Suraxanı qəsəbəsində yerləşən “OBA” marketin yaxınlığından keçən zaman təsadüfən Ramin onu görüb: “Ramin mənə yaxınlaşdı və ona olan borcumu nə üçün qaytarmadığımı, telefon zənglərinə nə üçün cavab vermədiyimi soruşdu. Mən imkanı olmadığı üçün pulu qaytara bilmədiyimi, buna görə də telefon zənglərinə cavab vermədiyimi dedim. Pulum olan kimi qaytaracağıma söz verdim. Lakin buna baxmayaraq, aramızda sözlü mübahisə yarandı. Biz tutaşdıq. Bu zaman Ramin əli ilə bir dəfə kürək nahiyəmdən vurdu və qaçaraq həmin yerdən uzaqlaşdı. Əlimi kürəyimə tutdum və qan axdığını, köynəyimin qana bulaşdığını gördüm. Raminin məni bıçaqla vurmasını bildim. Sonra köynəyimi çıxardaraq, yaxınlıqda olan zibil qutusuna atdım. Gödəkçəmi əynimə geyinərək evə getmək istəsəm də, ağrı hiss etdiyinmdən yaxınlıqda yerləşən təcili yardım stansiyasına, oradan da xəstəxanaya getdim”.

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti olmadığını deyib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ramin 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən naarzı qalan Ramin apellyasiya şikayəti verib. O, şikayətində barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.

Onun şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayətə baxan hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Raminin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsinə tövsif edilib. Onun cəzası 4 ilə endirilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az