Abşeron rayonunda 1983-cü il təvəllüdlü Rüstəm şəxsi münasibətlər zəminində həyat yoldaşı Lətifəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 oktyabr 2021-ci ildə, saat 09 radələrində Xırdalan şəhərində baş verib.
Rüstəm kirayədə yaşadığı nömrəsiz fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad kimi yaşadığı Lətifə ilə aralarında yaranan ailə-məişət münasibətlərinin pozulması zəminində mübahisələri baş verib.
Münaqişə zamanı Rüstəm Lətifənin ünvanına nalayiq ifadələr ilə söyüb, təhqir etdikdən sonra yumruqla bir neçə dəfə üz nahiyyəsindən, təpiklə qarın nahiyyəsindən, dəmir çayniklə sol ayaq, boyun və baş nahiyyələrinə vurub.
İstintaq orqanı tərəfindən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lətifə ilə 2018-ci ildən qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb, övladları yoxdur: “Hazırda birlikdə yaşamasaq da, münasibətlərimiz davam edir, ona maddi yardım edirəm. Lətifə ilə birlikdə yaşayan zaman səbəbsiz və yersiz yerə mütəmadi olaraq mənimlə münaqişlər yaradır. Bu səbəbdən aramızda tez-tez mübahisələrimiz olur”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ilə kimi birlikdə Xırdalan şəhəri, 20 yanvar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayıblar: “Lətifə oktyabrın 18-də, saat 09 radələrində mütəmadi olaraq spirtli içki içməyini mənə irad bildirdi, münaqişə yaratdı. Halbuki Lətifə özü də spirtli içki aludəçisidir, spirtli içki təsiri altında olanda özünü qeyri adekvat aparırır. Həmin vaxt işə getməyə hazırlaşırdım. Dəfələrlə onu sakitləşdirməyə çalışsam da, mənə məhəl qoymadığını gördüm. Özümdən çıxdım və mübahisə etməyə başladım. Mübahisə zəminində Lətifənin üz nahiyyəsindən yumruqla bir neçə dəfə zərbə vurdum. Sonra qarın nahiyyəsinə təpiklə zərbə endirdim. Sonra masanın üzərində olan dəmir çayniklə boyun nahiyyəsinə və ayaq nahiyyəsinə zərbə endirdin. Sonra isə işə getdim”.
Rüstəm qeyd edib ki, həmin axşam evə qayıdandan sonra münasibəti düzəlib: “Yəni həmin axşam aramızda heç bir mübahisə olmadı. Həmişə işə gedəndə qapını arxadan açarla bağlayıram. Çünki qapını açmaq üçün Lətifənin özünün də açarı var. Niyyətim onun azadlığını məhdudlaşdırmaq olmayıb. Həmin gündən başqa Lətifəni döyüb, xəsarət yetirməmişəm”.
Cinayət işi üzrə zərərçəkmiş Lətifənin sözlərinə görə, 1997-ci ildə ailə həyatı qurub, bir oğlan övladı var: “2002-ci ildə rəsmi qaydada boşandım. Rüstəmlə 2018-ci ildə ailə həyatı qurmuşam, rəsmi nigahdan övladımız yoxdur. Təxminən iki il oğlum, mən və Rüstəm Xırdalan şəhəri 20 yanvar küçəsində yaşamışıq. Rüstəm spirtli içki alüdəçisidir. Mütəmadi olaraq spirli içki qəbul edib, yaşadığımız evdə münaqişlər yaradıb. Sadəcə olaraq heç bir yerdə işləmədiyim üçün məcbur qalıb, onunla yaşayıram”.
Zərərçəkmiş qeyd edib ki, oktyabrın 18-də, saat 09 radələrində Rüstəm yenidən spirtli içkinin təsiri altında onunla münaqişə yaradıb: “Münaqişə zəminində ünvanıma nalayiq ifadələr işlətdi, yumuqla üz nahiyyəmdən 3 dəfə zərbə endirdi. Bundan sonra təpiklə qarın nahiyyəmə, dəmir çayniklə sol ayaq nahiyyəmə, boyun nahiyyələrimə, baş nahiyyələrimə zərbələr endirdi. Məni döyəndən sonra getdi. Evdən gedəndə qapını bağladı. Bir gün sonra Rüstəm evdən gedəndə qapını bağlamamışdı. Mən də 102 xidmətinə bu barədə məlumat verdim”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin isə ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Rüstəmin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli Demokrat.az


