İran Ədliyyə Nazirliyinin sözçüsü Məsud Setayeşi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Demokrat.az-ın İran dövlət televiziyasına istinadən məlumatına görə, M.Setayeşi Məhsa Əmininin ölümündən sonra başlayan etirazlarda saxlanılanların vəziyyəti ilə bağlı suala cavab olaraq deyib ki, ümumiyyətlə, Tehran vilayətində son iğtişaşlarda həbs olunanların 98 faizi azad edilib.
Etirazlar zamanı “nümayişçiləri qızışdırdığına” görə həbs edilən keçmiş prezident Rəfsəncaninin qızı Faize Haşemiyə qarşı işlərlə bağlı suala Setayeşi bunları deyib:
"Adıçəkilən şəxs iki iş üzrə təqsirli bilinib. Bu işlərdən biri rejim əleyhinə təbliğat, digəri isə müqəddəs kitabları təhqir etmək ittihamı ilə olub. Təqsirləndirilən şəxs birinci işdə 15 ay, ikincisində isə 37 ay həbs cəzası alıb. işi. Hazırda birinci iş üzrə cəzasını çəkir”.
Son illərdə ölkə hökumətini sərt tənqidləri ilə tanınan Faize Haşimi 2021-ci ilin yanvarında etdiyi çıxışda ABŞ-ın İrana təzyiqlərini dəstəklədiyini və bir çox dairələrdən, o cümlədən öz çevrəsindən reaksiyalar aldığını bəyan edib. Haşimi ötən ilin aprelində etdiyi çıxışda İnqilab Keşikçiləri Ordusunun ABŞ-ın sanksiya siyahısında qalmalı olduğunu bildirib.
2022-ci ilin mayında prokurorluq Haşimiyə qarşı Məhəmməd peyğəmbər haqqında sonradan "zarafat" olduğunu iddia etdiyi ifadələrə və Tehran administrasiyasına qarşı sanksiyaları dəstəklədiyinə görə istintaq başladıb.
Faize Haşimi 27 sentyabr 2022-ci ildə paytaxt Tehranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar zamanı "nümayişçilərə təhrik" ittihamı ilə saxlanılıb, daha sonra həbs edilib.
Qeyd edək ki, Haşiminin vəkili Nida Şəms yanvarın 10-da öz Twitter hesabında müvəkkilinin 5 il müddətinə azadlıqdan məhrum edildiyini açıqlayıb. Faize Haşimiyə "rejim əleyhinə təbliğat aparmaq" və "müqəddəs kitabları təhqir etmək" ittihamı ilə ümumilikdə 52 ay həbs cəzası verildiyi açıqlanıb.
Jalə Demokrat.az


