Xaçmaz rayonunda 1999-cu il təvəllüdlü Sahil şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həmyerlisi Ağakərimə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 10-da Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Məkan” kafesinin qarşısında baş verib. Sahil özündə olan cib bıçağı ilə Ağakərimin sağ sağrı nahiyəsinə bir dəfə vurub.
İstintaq orqanı tərəfindən Sahilin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə valideynlərinin yanında yaşayır: “Rəsmi olaraq heç yerdə işləmirəm. Lakin fərdi qaydada harada iş düşsə işləyib ailəmin dolanmasına köməklik edirəm. Aprelin 10-da, saat 15 radələrində evdən çıxaraq bizimlə bir məhlədə yaşayan dayım Valehgilə baş çəkməyə getdim. Dayımgildə bir qədər oturandan sonra təxminən saat 18 radələrində onlardan çıxdım. Çay içmək üçün Xaçmaz “Məkan” kafesinə gəldim. Kafeyə daxil olandan sonra fikirimi dəyişdim. Bir ədəd “koka-kola” sifariş etdim. Televizora baxa-baxa “koka-kola”nı içdim. Sonra isə hesabı ödədim, çölə çıxdım. Kafedən çıxanda çöldə tanımadığım bir neçə nəfərin mübahisə edərək söyüş söydüklərini gördüm. Həmin şəxslərdən birinə öz iradımı bildirdim. Bu zaman sonradan adının Ağakərim olduğunu bildiyim şəxs mənim üstümə gəldi və ünvanıma nalayiq söyüşlər işlətməyə başladı. Bir daha həmin şəxslərə söyüş söyməmələrini dedim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, buna baxmayaraq, Ağakərim yolun əks tərəfinə keçib və onun ünvanına ucadan nalayiq söyüşlər söyməkdə davam edib: “Buna görə də özümü saxlaya bilmədim. Yolun digər hissəsinə keçdim və cibimdə olan bıçağı çıxardaraq qorxuzmaq məqsədi ilə Ağakərimin bud nahiyəsindən bir dəfə vurdum. Həmin vaxt ətrafda olan tanımadığım bir neçə şəxs bizi sakitləşdirərək ayırdılar. Bu zaman polis əməkdaşları ora gəldi və məni kafenin qarşısında saxladılar. Sonra Xaçmaz rayon polis şöbəsinə gətirdilər. Polis şöbəsinə gələndən sonra törətdiyim əməlimi etiraf etdim və üstümdə olan cib bıçağını çıxardaraq könüllü olaraq təqdim etdim”.
Cinayət işi üzrə zərərçəkmiş Ağakərimin sözlərinə görə, heç yerdə işləmir: “Lakin etibarnamə əsasında idarə etdiyim “VAZ-2107” markalı avtomobildən taksi kimi istifadə edərək ailəmi dolandırıram. Sahili əvvəllər tanımamışam və onunla heç bir münasibətim olmayıb. Aprelin 10-da, saat 19 radələrində Xaçmaz şəhərində yaşayan tanışım Rüstəmlə birlikdə çay içmək məqsədi ilə “Məkan” kafesinə gəldim. Kafeyə gəlməmişdən əvvəl mağazadan iki şüşə pivə alaraq içdim. Biz “Məkan” kafesinin qarşısına çatanda orada tanımadığım bir neçə şəxsin öz aralarında mübahisə edərək söyüş söydüklərini gördüm. Həmin şəxslərə küçədə söyüş söyməmələrini dedim, öz iradımı bildirdim. Həmin vaxt təqsirləndirilən Sahil üstümə gəldi və niyə görə onların söhbətinə qoşulduğumu dedi, mənimlə mübahisə etməyə başladı. Bu zəmində Sahillə aramızda söz mübahisəsi yarandı. Mübahisə etməyə başlayanda Rüstəm və tanımadığım bir neçə şəxs bizi sakitləşdirməyə başladılar. Rüstəm məni sakitləşdirib yolun digər tərəfində aparanda Sahil də arxamca yolun əks tərəfinə keçdi. Əlində olan bıçaqla sağ sağrı nahiyəmdən bir dəfə vuraraq mənə xəsarət yetirdi. Əvvəlcə bədənimdə ağrı hiss etməsəm də, sonradan sağ sağrı nahiyəmdən qan gəldiyini gördüm”.
Zərərçəkmiş şəxs ifadəsin də xəstəxanada müayinə olunduğunu, sonradan sərbəst buraxıldığını qeyd edib. O bildirib ki, sonradan Sahil törətdiyi əmələ görə ondan üzr istəyib, onlar barışıblar. O, şikayətçi olmadığını bildirib.
Bu cinayət işinə Xaçmaz rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sahilin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Sahilə 2 il 6 ay sınaq müddəti olmaqla 2 il 10 ay 3 gün müddətinə şərti cəza təyin olunub.
Fariz Məlikli Demokrat.az


