Bakının Nizami rayonunda 1994-cü il təvəllüdlü Fuad şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Zahidə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 21-də baş verib. Fuad Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Maklerlər Bağı” adlanan parkda tanışı Zahiddən ondan borclu olduğu 2 manat pulu tələb etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ona qarşı zor tətbiq edib.
Fuad Zahidi yerə yıxıb, əlim ilə onun sifət nahiyəsinə qəsdən vuraraq zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarət yetirib. İstintaq orqanı tərəfindən Fuadın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Zahid ilə 2022-ci ilin aprel ayının ortalarında “Maklerlər Bağı” adlanan parkda tanış olub: “Zahidlə parkda bir yerdə olan zaman özümə siqaret almaq üçün ondan 2 manat borc pul aldım. Təxminən 7 il əvvəl “Maklerlər Bağı” adlanan parkda fərdi qaydada evlərin kirayəsi ilə məşğul olan Təranə mənə kirayə ev tapdığı üçün həmin müddətdən onu tanımışam. Aprelin 21-də, saat 16 radələrində işlərim olmadığı üçün hal-əhval tutmaq səbəbi ilə həmin parkda Təranənin yanına getdm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən saat 17 radələrində Təranə ilə söhbət edən zaman Zahid kənardan sərxoş vəziyyətdə onlara yaxınlaşıb: “Mənə verdiyi 2 manat pulu geri qaytarmağını tələb etdi. Üzərimdə pulumun olmadığını, yaxın günlərdə pulunu qaytaracağımı dedim. Həmçinin Təranə də Zahiddən xahiş edərək pul barəsində mənə möhlət verməsini istədi. Zahid içkili olduğu üçün ünvanıma nalayiq ifadələri işlədərək, pulu indi verməyimi tələb etdi. Zahidə danışığına fikir verməsi barədə xəbərdarlıq etdim. Lakin Zahid yenə də ünvanıma nalayiq ifadələr işlədə-işlədə yanımdan uzaqlaşaraq getmək istədi. Onun tərəfindən təhqir olunduğum üçün əsəbiləşdim. Zahidə arxadan yaxınlaşaraq başını sol qolumun altına salıb yerə yıxdım. Sağ əlim ilə sifət nahiyəsinə bir neçə dəfə vurdum. Bundan sonra yaxınlıqda xidmət aparan polis əməkdaşları bizi ayırdı, polis şöbəsinə apardılar”.
Nizami rayon Məhkəməsinin hökmü ilə Faud 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az


