Sosial Özəl

Müasir dünyada uşaqların mənəvi və fiziki inkişafı da fərqli yanaşmalar tələb edir

Müasir dünyada uşaqların mənəvi və fiziki inkişafı da fərqli yanaşmalar tələb edir

Ölkəmizdə uşaqların, yeniyetmələrin və gənclərin fiziki, eləcə də mənəvi cəhətdən inkişafı, cəmiyyətimiz üçün layiqli vətəndaşlar olaraq yetişmələri hər zaman xüsusi diqqət mərkəzində olub. Qeyd edək ki, ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaqlarla bağlı perspektivlərin müəyyənləşdirilməsi məqsədilə, mütəmadi olaraq dövlət proqramları həyata keçirilir və bu istiqamətdə ölkə başçısı tərəfindən bir sıra mühüm sərəncamlar imzalanır. Sözsüz ki, ölkəmizdə bu istiqamətdə görülən işlər onu deməyə əsas verir ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı öz aktuallığını hər zaman qoruyur. Bu işlərin əsası əlbəttə ki, Azərbaycan xalqının fiziki, eləcə də mənəvi sağlamlığına çalışan ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də həmin işlər cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz uşaqların, yeniyetmələrin və gənclərin mənəvi, eləcə də fiziki inkişafında mühüm rol oynayan idman sahəsinin maddi-texniki bazasının yaradılması, bir sıra idman komplekslərinin tikilməsi məhz bu sahəyə ayrılan diqqət və qayğının bariz nümunəsidir.

Müasir dünyada uşaqların mənəvi və fiziki inkişafı da fərqli yanaşmalar tələb edir
Məsələyə münasibət bildirən sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, uşaq şəxsiyyətinin formalaşması bütün zamanlarda aktual olmuşdur. Sosioloqun sözlərinə görə, uşaqların tərbiyəsi, təlimi bəşəriyyəti həmişə düşündürdüyündən bu mövzuda daim fikir ayrılıqları olmuşdur:

“Pedaqogika elmi də məhz elə bu misiya ilə yaranmış, onun etimoloji mənası "paydaqoq", "uşaq ötürən" anlamını verir. Fərqli dövrlərdə uşaq tərbiyəsilə bağlı fərqli yanaşmalar olmuşdur. Uzun araşdırma, təcrübə göstərir ki, uşaqların ahəngdar inkişafı ilk növbədə onların böyüdüyü ekosistemdən, ilkin sosiallaşma institutu olan ailədən, məktəbəqədər müəssisədən, təhsil müəssisələrindəki mühitdən, dostlar əhatəsindən, ünsiyyət mühitindən birbaşa aslıdır. Odur ki, biz sağlam cəmiyyəti uşaq şəxsiyyətinin əsas faktoru kimi dəyərləndiririk. Mənəvi tərbiyə zamanı uşaqların özünü dərkinə, cəmiyyətin bütün norma və dəyərlərini anlamasına önəm verilməlidir. Uşaqlara hazır nimçədə nəyisə təqdim etmək deyil, üsul vermək lazımdır”.

Mütəxəssəsin fikrincə, uşaqlara həyat bacarıqları öyrətmək, həyatı ideal kimi deyil, onun gerçək simasını tanıtmaq daha məqsədəuyğun olardı:

Müasir dünyada uşaqların mənəvi və fiziki inkişafı da fərqli yanaşmalar tələb edir
“Bəzən valideynlər hər şeyi ağ və ya qara rəngdə tanıtmağa çalışır. Ona görə də, uşaqların bir sıra hallarda həyatla münasibətlərində problemləri yaranır. Bu özünü özgələşmədə, tənhalıqda, konfliktli şəxsiyyət obrazında büruzə verir. Deməli, sosiallaşma institutları sağlam olmalıdır. Uşaqların ətraf aləmlə rəftarı ayrıca bir məqamdır. Belə ki, uşaqlara sağlam həyat tərzi, sağlam qidalanma, fiziki tərbiyə, ekoloji tərbiyə ictimai mədəniyyət, mənlik şüuru, ictimai şüur, vətənpərvərlik, dövlətçilik fəlsəfəsi, milli məfkurə aşılanmalı, müsbət örnəklər təqdim olunmalıdır. Bu baxımdan, uşaqların sosiallaşmasında institutlardan ən mühümü sosial media, internet resurslarıdır ki, əfsuslar olsun ki, ondan uşaq şəxsiyyətinin məqsədyönlü formalaşması üçün istifadə edə bilmirik. Çünki sosial mediaya nəzarət mexanizminin hazırkı durumu, onun uşaqların sosiallaşmasında mənfi fəsadlarının qarşısını almağa tam imkan vermir. Elə bu səbəbdən sosial şəbəkə əsaslı uşaq davranış pozuntuları, deviant və delikvent tərzlər sərgiləyən uşaqlar günümüzün reallığına çevrilmişdir”.

Sosioloq qeyd edib ki, uşaqlarda oxu mədəniyyəti, sağlam ruh və sağlam həyat tərzi üçün fiziki tərbiyə, idman marağı oyatmaqla onları pis vərdişlərdən müəyyən qədər uzaq tutmaq mümkündür:

“Eyni zamanda KİV-lərin, sosial medianın sarı informasiya qəhramanlarının uşaqların kumir, ideal seçiminə çevrilməməsi üçün medianın sosial məsuliyyətini artırmaq zəruri və labüddür. Əfsuslar olsun ki, bəzi nəşriyyatlar, eləcə də saytlar kriminal aləmin “qəhrəmanların”dan kitablar, məqalələr nəşr edir, bununla da uşaq “ideallarının”səhv seçiminə “töhfə“ vermiş olurlar. Həmçinin, uşaq ailədən başlamış bütün sosiallaşma institutunda yaxşı örnəklər görməli və ya yaxşını pisdən ayırma bacarıqlarına malik olmalıdır. Valideynin timsalında, tərbiyəçinin timsalında yaxşı örnəklər görməlidir. Eyni zamanda, sosiallaşma institutlarının bütün strukturları funksional olmalı, onların fəaliyyəti, təsir imkanları monitorinq olunmalı, sosial nəzarətdə olmalıdır. Bu baxımdan ictimai iştirakçılıq, adekvat ictimai qınaq imkanlarından istifadə edilməlidir. Unutmayaq ki, uşaqlara ötürdüklərimizi onlar cəmiyyət olaraq bizə qaytaracaqlar. Yəni onlardan vermədiyimiz nəsnələri istəyə, ala bilmərik. Bu baxımdan şübhəsizdir ki, uşaq mühitin övladıdır. Hər nə qədər genetikanın rolu varsa da, sosial mühit bütün dövrlərin əsas amilidir. Odur ki, sağlam cəmiyyət sağlam, ahəngdar uşaq şəxsiyyətinin əsas emal müəssisəsidir”.

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva isə Demokrat.az-a açıqlamasında bildirib ki, müasir dünya sürətlə dəyişir. Onun sözlərinə görə, çağdaş dünya daha dinamikdir:

“Yeni dünya özündə daim yenilənən bilik və bacarıqlar tələb edir. Belə bir şəraitdə uşaqların mənəvi və fiziki inkişafı da fərqli yanaşmalar tələb edir. Təbii ki, ilk öncə uşaqların sağlam, sağlıqlı böyüməsi şərtdir. Onları zərərli amillərdən qorumalıyıq, yaşlarına uyğun olaraq bədən tərbiyəsi, idmanla məşğul olmağa təşviq etməliyik. Yaxşı olardı ki, valideynlər övladlarında idamana maraq oyatsınlar. Çünki idman uşaqları pis vərdişlərdən uzaq tutur, onların səməri vaxt keçirməsinə yardımçı olur”.

A.Musayeva bildirib ki, düzgün valideyn-övlad münasibətlərininin qurulması, sosiallaşmaları üçün əlimizdən gələni etməliyik:

Müasir dünyada uşaqların mənəvi və fiziki inkişafı da fərqli yanaşmalar tələb edir
“Ən əsas da valideynlər uşaqlarla daha çox vaxt keçirməli və onları dinləməlidir. Təcrübə göstərir ki, valideynlərin övladları ilə birgə vaxt keçirmələri, söhbət edib, birgə oyunlar oynaması, ümumi maraqlarının olması onların inkişafı üçün əhəmiyyətlidir. İndiyədək aparılan təcrübələr göstərir ki, bu gün bir çox ailələrdə ciddi ünsiyyət çatışmazlığı var. Təbii ki, belə ailələrdə daha az təmas, minimum ünsiyyət və ciddi fikir ayrılıqların olduğuna da rast gəlirik. Bu da xüsusilə valideyn-övlad münasibətlərinə ciddi təsir göstərir. Ümumiyyətlə, valideynlərin övladları ilə daha az vaxt keçirməsi, onlarla daha az maraqlanması uşaqların psixologiyasında və davranışlarında ciddi izlər qoyur. Aparılmış tədqiqatlar göstərir ki, uşaqların danışıq tərzi valideynlərin davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn öz övladı ilə kobud danışırsa, uşaq da ətrafdakılarla eyni formada danışıq tərzi nümayiş etdirəcək”.

Mərkəz rəhbərinin fikrincə, valideyn və övlad arasında sağlam münasibətin təməli sevgi, diqqət və qayğıdır:

“Təbii ki, bunlarla yanaşı uşaq və gənclərin fiziki və mənəvi inkişafında təhsilin inkişafı da olduqca önəmlidir. Ümumiyyətlə, təhsil, fərdi inkişaf övladlarımızın həyatında olduqca vacibdir. Uşaqların yaxşı təhsil alması, davamlı olaraq yeni bilik və bacarıqlara yiyələnmələri üçün əlimizdən gələni etməliyik. Ən əsası, uşaqda ailəsinə, ətrafına, insanlara, təbiətə sevgi aşılamalıyıq. Onları aqressiv mühitlərdən uzaq tutmalıyıq, psixologiyalarının zədələnməsinə imkan verməməliyik. Övladlarımızda özünə güvəni artırmalıyıq. Müasir dövrdə bu, çox vacibdir. Uşaqların istəyinə hörmətlə yanaşmalı, onları motivasiya etməli və hər birinin liderlik keyfiyyətinin formalaşmasına, şəxsiyyət kimi yetişməsinə çalışmalıyıq. Çalışın övladlarınızın istənilən yaşında inkişafına təkan verəsiniz. Onlara kömək edin, təzyiq etməyin. Məhz bütün bunlar uşaqlara gələcəkdə daha çox uğur qazanmaq şansı verəcək. Düşünürəm ki, hər iki valdieyn övladının fiziki və mənəvi inkişafına xüsusi diqqət yetirməlidir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu:Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Aynurə Demokrat.az

D
demokrat.az