"Azərbaycanın qədim yerlərindən biri də Qərbi Azərbaycan, indiki Ermənistan deyilən torpaqdır. 1918-ci ilə qədər bu torpaqlarda türklər yaşamış, yurd-yuva, ev-eşik tikmiş dövlət qurumları formalaşdırmışlar. Həm 1590-cı il İrəvan bəylərbəyliyinin icmal dəftərində, həm də 1727-ci ildə Osmanlı dövlətinin tərtib etdiyi İrəvan əyalətinin icmal dəftərində orada olan yer adları, yaşayış məntəqələri, yaşayan adamların sayı açıq-aydın göstərilmişdir. Ona görə də, tarixi sənədlər də indiki Ermənistan ərazisinin tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut edir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında tarixçi-alim Boran Əzizli deyib. Tarixçi-alim bir sıra mühüm faktları qeyd edib: "Təəssüf ki, Türkmənçay müqaviləsindən sonra İrəvan xanlığı işğal olundu. Bu müqavilə 16 maddədən ibarət idi və onun 12-ci maddəsində İrəvan xanı və onun qardaşına aid ayrı-seçkiliyin müşahidə olunduğunu aydın görürük. 1828-ci ilin martında İrəvan və Naxçıvan xanlığının əsasında Rusiya dövləti İrəvan vilayəti deyilən bir ermənilərə vilayət yaratdı. Beləliklə də, erməni dövlətinin gələcəkdə yaradılması yolunda Rusiya dövləti addımını atdı. Rusiya dövlətinin növbəti addımı bu ərazidə ermənilərə bir quberniya yaratmasından ibarət oldu. Bununla da, kifayətlənmədi. 1828-ci ildən başlayaraq torpaqlarımıza İran və Türkiyə ərazisindən, Osmanlı torpaqlarından çoxsaylı erməniləri yerləşdirərək, demoqrafik vəziyyəti ermənilərin xeyrinə dəyişməyə başladı və bu proses 20-ci əsrin əvvəllərində də davam etdirildi. Nəticədə rus alimləri özləri də qeyd edirdilər ki, bütövlükdə Qafqazda olan 1 milyon 300 min erməninin 300 mini çarizmin dövründə köçürülüb. Təəssüf ki, 1918-ci ildə mayın 27-də Ararat Respublikası tarixi torpaqlarımızda yarandı. 1917-ci ilin dekabrında bolşevik Rusiyasının rəhbəri olan Leninin imzasıyla Şaumyan Qafqazın fövqəladə komissarı təyin olundu. O, Türkiyə ərazisindəki 6 vilayətlə Qafqazdakı Ermənistanı birləşdirmək və burada böyük Ermənistan yaratmaq istiqamətində addımlar atmışdı. Xalqımızın bir tərəfdən qədim yaşayış yerlərindən qovulması, soyqırıma məruz qalması, 1948-53-cü illərdə SSRİ Ali Sovetinin 3 dekabr 1947, həm də 1948-ci ilin mart-aprel ayında verdiyi fərmanlarla xalqımızın qədim torpaqlarında soyqırıma məruz qalması, deportasiya edilməsinə start verildi. Bu proses keçən 100 ilin 80-ci illərində özünün ən yüksək nöqtəsinə çatmış oldu. Beləliklə, həqiqətən prezident tamamilə doğru qeyd edir ki, bu torpaqlar qədim Azərbaycan torpaqlarıdır və tarixi sənədlər də, elə Rusiyanın özünə olan arxiv sənədləri də, xəritələr də oradakı yer adlarının, bu ərazilərin kimə aid olduğunu göstərir. Hesab edirəm ki, Qərbi Azərbaycan məsələsi tariximizdə yenidən işlənməlidir. Təkcə bunu ölkəmizdə təbliğ olunması ilə kifayətlənməməliyik . Eyni zamanda, hər bir ziyalı da xarici dildə məqalələr, yazılar nəşr etdirməlidir".