Gündəm Özəl

“Masaya Naxçıvanın blokadadan çıxarılması və Zəngəzur dəhlizinin açılması qoyulmalıdır”— ŞƏRH

“Masaya Naxçıvanın blokadadan çıxarılması və Zəngəzur dəhlizinin açılması qoyulmalıdır”— ŞƏRH

“Bu günlərdə ekoaktivistlərin davam edən aksiyaları bölgədə ehtimal olunan hərbi eskalassiyanın qarşısını almağa xidmət edir. Məlumdur ki, Ermənistan və Rusiya üçtərəfli sazişin maddələrinin həyata keçirilməsində fəallıq etmirlər. Belə vəziyyətdə Azərbaycanın güc tətbiq etməkdən başqa çarəsi qalmır"

Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib. O qeyd edib ki, Ermənistan bütün gücü ilə problemin olduğunu göstərməklə bölgəyə Fransanın müdaxiləsini təmin etməyə çalışır:

“Bu, Rusiyanın maraqlarına zidd olsa da sülhməramlı qüvvələr kimi “nə yardan doyur nə də əldən qoyur” prinsipi ilə davranırlar. Təbii sərvətlərin talanması süni yaradılan problemin görünən tərəfidir. İki ildən artıq bir müddətdə Laçın yolu vasitəsilə Xankəndinə daşınan heç bir avadanlıq, silah və sursata nəzarət edə bilmirik. Rusiya-Türkiyə birgə monitorinq qrupu demək olar ki, bu vəziyyətə müdaxilə edə bilmir. Azərbaycan bu günə qədər üzərinə götürdüyü bütün öhdəlikləri ləyaqətlə yerinə yetirib. İndi isə bizim həm mənəvi, həm də ev sahibi kimi hesab sormaq haqqımız var və biz yaranmış tarixi şansı əldən verə bilmərik”.

Analitik əlavə edib ki, tələblərin əsas ana xətti qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazilərini tərk etməsi və Laçın yolu üzərində Azərbaycanın tam nəzarətində olan gömrük postunun qurulması olmalıdır:

“Düşünürəm ki,etirazlar davam etməli və tələblər daha radikallaşmalıdır. Masaya Naxçıvanın blokadadan çıxarılması və Zəngəzur dəhlizinin açılması qoyulmalıdır. Hazırda sülhməramlıların xidmət sahəsində olan ərazilərimzdə yaşamış vətəndaşlarımızın geri dönüşü istiqamətində iş aparılmalıdır. Xankəndi və Xocalıya dönmək üçün bütün instansiyalara məktublarla müraciət edərək tələblərimizi göndərməliyik.Bu bizim hüququmuzdur. Heç bir beynəlxalq təşkilat bizim bu tələbimizə yox deyə bilməz. 10 noyabr sazişində mülkü əhalinin milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan ərazisində hərəkəti etməsi, işləmək və yaşamaq hüququnun məhdudlaşdırılması barədə maddə yoxdur. Yəni istənilən Azərbaycan vətəndaşı o cümlədən Xankəndi, Xocalı və başqa ərazilərdə yaşamış insanların evlərinə dönmələrində heç bir əngəl olmamalıdır. Rusiya sülhməramlıları belə arzusu olan şəxslərin təhlükəsziliyini təmin etməyə borcludurlar. İndiki halda isə Rusiya sülhməramlı kontingenti insan haqqlarına zidd olaraq evlərinə getmək istəyən qarabağlıların qarşısını kəsiblər”.

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova