Separatçı qurumun "lideri" "nazirlərini" itirdi, "referendum"dan imtina etdi; Ruben Vardanyan isə öz komandasını yığır, sabiq xarici işlər naziri Oskanyan da Qarabağa yerləşir?
Noyabrın 23-də Qarabağdakı qondarma qurumun rəhbəri Araik Arutyunyan bir neçə "naziri" tutduqları vəzifələrdən azad edilməsi ilə bağlı "qərar" imzalayıb. Məlumata görə, Mikayel Hayriyan "səhiyyə naziri" vəzifəsindən azad edilib. Onu müvəqqəti olaraq "nazir müavini" Artur Oqancanya əvəz edəcək. Eləcə də "Kənd təsərrüfatı naziri", "təhsil, elm, mədəniyyət və idman naziri", "sosial inkişaf və miqrasiya naziri" və "ərazi idarəetmə və infrastruktur naziri"vəzifələrindən azad ediliblər. "Ədliyyə naziri" və "xarici işlər naziri" isə müvəqqəti səlahiyyətlərini icra edəcək. O cümlədən, "şəhərsalma naziri" və "maliyyə və iqtisadiyyat naziri"nə də səlahiyyətlərini müvəqqəti icra etmək tapşırılıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Araik Arutyunyan qondarma "parlament" sədrinə müraciət edərək, "artsax konstitusiyasına əlavə və dəyişikliklər layihəsini" geri götürüb. Məlumatda bildirilir ki, belə bir qərarın qəbul edilməsinə səbəb "dəyişiklik layihəsinə ictimaiyyətin mənfi reaksiyası olub". 
Araik Arutyunyan "parlamentin" bu gün keçirilən iclasında deyib ki, "indi sabitlik konstitusiya dəyişikliklərindən daha vacibdir": "Sadəcə, siyasi qüvvələrin belə bir narahatlığı vardı ki, hər şey bir şəxsin - prezidentinin əlində cəmləşib. Yeni hökuməti formalaşdırmaq üçün növbədənkənar seçkilərə getmək lazım idi. Amma bu gün buna ehtiyac yoxdur, çünki daha hər şey mənim əlində cəmləşmir. Təbii ki, dövlət nazirinin(Vardanyanı nəzərdə tutur.N.S) funksiyalarının ayrılması nəticəsində mövcud narahatlıqlar bu gün öz həllini tapmış kimi görünür. Ona görə də konstitusiyaya düzəlişlər məsələsində tələsməyə ehtiyac yoxdur". 
Aydındır ki, rəsmi Bakı Xankəndi ermənilərinin sülhməramlıların arxasında gizlənərək belə bir "referendum" oyuna göz yuma bilməzdi. Bu qondarma oyuna görə isə ilk növbədə məsuliyyət Rusiya və onun sülhməramlılarının üzərinə düşəcəkdi. Şübhə yoxdur ki, məhz Rusiya bu prosesi əngəlləmək məcburiyyətdə qalıb və Araikə saxta referendum oyununu "bir yerinə soxmağı" tələb edib.


