Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Röyal şəxsi münasibətlər zəminində keçmiş arvadı Nəzakətə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 16/7 saylı binanın həyətində baş verib. Röyal ailə münasibətlərinin pozulması zəminində baş verən mübahisə zamanı Nəzakətin sifət və boyun nahiyələrinə əli ilə vuraraq ona bədən xəsarəti yetirib.
İstintaq orqanı tərəfindən Röyalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Röyal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2014-cü ildə Nəzakər ilə ailə həyatı qurub: “Bu nikahdan iki azyaşlı üç övladları olub. 2022-ci ilin aprel ində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə nikahımıza son verildi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə aylıq 350 manat aliment kəsilib: “Təxminən 2 ay bundan öncə işləmirdim. Ona görə də alimenti ödəyə bilmirdim. Həyat yoldaşım valideynlərim yaşadığı ünvan köçdü. Dəfələrlə onların yaşadığı binanın həyətinə gedərək uşaqlarımı görmək istəsəm də, onlar buna imkan verməyərək mane oldular. Keçmiş həyat yoldaşımın işlətdiyi mobil telefonla əlaqə saxlayaraq onunla danışmaq istəmdə, telefon zənglərimə cavab vermədi. Mənim telefon nömrəmi əngəllədi. Təxminən bu iki ay davam etdi”.
Röyal qeyd edib ki, hadisə baş verən günü o və bacısı Nərminlə Nəzakətin yaşadığı ünvanın yaxınlığından keçərkən həyətdə oynayan azyaşlı övladlarını görüb: “Onlara yaxınlaşmaq istədim. Onları yanıma çağırsam da, uşaqlar yanıma gəlmədilər. Elə fikirləşdi ki, bunun da səbəbi uşaqlarına anası və onun qohumları tərəfindən öyrədilməsidir. Həmin vaxt keçmiş həyat yoldaşım və anasının orada yun təmizlədiyini gördüm. Onlara yaxınlaşdım. Keçmiş həyat yoldaşım ilə aramızda alimentlə bağlı mübahisə yarandı. Nəzakət mənimlə kobud danışmağa başladı. Mən də özümü saxlaya bilməyərək Nəzakətin boynundan və üzündən vurdum. Sonradan onun qolundan tutaraq kənara itələyərək oranı tərk etdim. Yaşadığım ünvana gedərək sonra onların polisə şikayət etdiyini öyrəndim”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nəzakətin sözlərinə görə, 2022-ci ilin aprel ayında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə boşanıb: “Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə ayda 350 manat aliment kəsilsə də, bu günə kimi Röyal üstünə düşən öhdəliyi ödəməyib. Bununla bağlı Röyal ilə öz aramızda mübahisə oldu. Hadisə baş verən günü, saat təxminən 18.00-da anam ilə yaşadığım binanın həyətində yun yuyarkən Röyal və bacısı bizə yaxınlaşaraq mənimlə mübahisə etdilər. Mənim sifətimdən və boynumdan vurdular. Onun haqqında polisə şikayət edəcəyimi bildirdikdə, Röyal qolundan tutaraq geriyə itələdi. Mən də geriyə gedərək ağaca dəydim. Ordan qaçaraq yaşadığım evə gridm. Bundan sonra polisə məlumat verdim”.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Röyal 1000 manat cərimə olunub.
Fariz Məlikli Demokrat.az


