“Hiylə, vicdan, əxlaq satanlar da var” “Əslində özü ailə, oğul, uşağ sahibi olmayan, həyat yoldaşının və qaynana, qaynatasının qulluğunda durmayan subay xanımlar heç kimə öyüd-nəsihət verə bilməz, xına yaxa bilməz. Bəzi müğənnilər var ki, işləri yaxşı getməyəndə keçib aparıcı işləyirlər. Toyda və xına mərasimlərində danışırlar ki, kişilərin qəlbinə dəyməyin, qaynananızın, ərinizin qulluğunda durun. Özünün nə qaynanası var, nə əxlaqı, nə də ərinin qulluğunda durub. Sən hələ ailənin nə olduğunu bilmirsən, necə başqasına belə ol deyə bilərsən?”. Bunu Moderator.az-a tanınmış şairə Nazilə Səfərli deyib. O daha sonra bildirib ki, xına yaxanlar arasında qeyri-peşəkarlar çoxdur
“Hamı xına da yaxa bilər, haxışta da deyə bilər. Bu elə bir gündür ki, hamı bu günü çoxdan arzulayır, gözləyir, öncədən hazırlaşır. Bu yas mərasimi deyil ki, qəfildən evinə cənazə gəlsin, fikirləşəsən ki, hansı yas evində edəsən?! Ordakı uğursuzluqlar bağışlanır, cənazə yiyəsini qınamırlar. Bu başqa məsələ. Elə ailələr var ki, uşağları beşikdə olanda əhd edirlər ki, toyuma filankəs gəlsin. Biri də var ki, ev yiyəsi gedir restorana. Restoran sahibi deyir ki, kənardan heç nə gətirmə, hər şeyimiz var, çəkiliş də edəcəklər. Elə məbləğ deyir ki, ev yiyəsi ona qane olur. Toy günü çatır, ev yiyəsi görür ki, kamera 1836-cı ildən qalıb, aparıcı əvvəl ofisiant olub, görüb ki, qab yumağa halı yoxdur, keçib aparıcı olub. Gedib 3 dənə haxışta da əzbərləyib. Musiqiçi də bir sintezator qoyub, ritm tutur. Bir müğənni də var, nə kök bilir, nə də ki, not. Bunların da günahkarl restoran deyil. Bu biznesdir, restoran sadəcə təqdim edir. Hər kəs alma-armud satmır ki? Hiylə, əxlaq, vicdan satanlar da var. Nəticədə pul qazanır. Hamı da qazandığı pulun halallığını gözləmir”, - deyə şairə Nazilə Səfərli bildirib. Nazilə Səfərli bildirib ki, xına mərasimlərində onu arzu edənlər var. “Xınanın qiyməti 5 manatdır, alıb evdə dəmləyib, yaxırsan. Heç kimi də çağırmırsan, toy-büsat etmirsən. Yox əgər sənə lazımdırsa ayağını ayağının üstünə aşırasan Nazilə gəlib xınanı aparsın, hə bax mən onun pulunu alıram. Gəlib xına yaxıram, aparıcılıq edirəm, 20 dəfə də təşəkkür edirəm. Elə qızlar var ki, xına istəmirlər. O boyda gecə təşkil edirlər, sadə təqdimat istəyirlər”, - deyə şairə bildirib.


