Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Fərahim şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı arvadı Məlahətə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 45-ci məhəllədə baş verib. Fərahim birgə yaşadıqları mənzilin qonaq otağında həyat yoldaşı Məlahət ilə aralarında ailə-məişət zəminində mübahisə baş verib. Mübahisə zamanı o, Məlahətin baş və sifət nahiyyələrinə şillə, yumruq zərbələri vurub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərahimin sözlərinə görə, Məlahət ilə 2013-cü ildə ailə həyatı qurublar və birgə nikahdan iki azyaşlı övladları var: “Ər-arvad münasibətlərimiz hər zaman normal olub. Mən xaraktercə təmizlik sevən adamam. Evdə səliqə səhman olmayanda əsəblərimə təsir edir. Buna görə həyat yoldaşım ilə söz-söhbətlərimiz olur. Ona hər zaman evi və hamamı təmiz saxlasını demişəm”.
Fərahim qeyd edib ki, hadisə günü saat 12.00-da uşaqlarını götürərək gəzməyə aparıb və saat 15.00-da evə gəliblər: “Nahar etdikdən sonra həyat yoldaşım Məlahət əmisi oğlunun həyat yoldaşı Fərqanənin onlara gələcəyini bildird. Həmin adamı sevmədiyimə görə, bizə gəlməsini istəmirəm. Bu səbəbdən həyat yoldaşıma gəlməsin dedim, əgər gəlsələr də qəti şəkildə bizdə qalmamaqlarını bildirdim. Lakin Məlahət bu sözümü Fərqanəyə deyə bilmədiyini dedi. Bu səbəbdən də evdə aramızda mübahisə yarandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmçinin bundan öncə hamamın sulu olması ilə əlaqədar da aralarında mübahisə yaranıb: “Həyat yoldaşım mənə cavab qaytardığından əsəbləşdim. Qonaq otağında onun başına və sifətinə əlim ilə bir neçə zərbə vurdum. Onu vurduqdan sonra Məlahət ağladığına görə, ondan uzaqlaşdım. Məlahət isə qonşuya getdi. Bundan sonra barəmdə polisə şikayət etdiyini bildim”.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahətin sözlərinə görə, evdə azyaşlı uşaqlar olduğundan evi demək olar ki, hər zaman üçün ideal vəziyyətdə təmiz saxlamaq olmur: “Məhz evdə bəzən tör-töküntülüyün olmasına görə həyat yoldaşım dəfələrlə mənimlə mübahisə edib. Hadisə günü həyat yoldaşım bütün günü evdə olub. Saat 15:00-da hamama girərkən hamamın bir qədər nəm olduğunu gördü və nəyə görə hamamı təmiz saxlamadığımı soruşdu. Mən də uşaq su töküb, indi təmizləyəcəyimi bildirdim. Bu məsələnin üstündə Fərahim mənimlə mübahisə etməyə başladır. Adi bir məsələni böyütməyin lüzumsuz olduğunu dedim. Evin qonaq otağında Fərahim məni divanın üzərinə yıxaraq şillə və yumruq zərbələri ilə başıma, sifətimə çoxsaylı zərbələr vurdu. Uca səslə qışqırdığımdan Fərahim səsimizə qonşuların gələ biləcəyindən qorxduğu üçün bir qədər məni buraxdı. Mən onun əlindən çıxaraq qonşu Fatyma xalagilə qaçdım. Orada halım pisləşdi. Fatma xala mənə dərman verdi”.
Zərərçəkmiş bildirib ki, özünə gəldikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub və hadisə barədə məlumat verib. O bildirib ki, hazırda əri ilə barışıb. Bu səbəbdən ərindən şikayətçi olmadığını deyib.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Hakim ər arvadın barışmasını nəzərə alıb. Bu səbəbdən Fərahmin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli Demokrat.az


