“Laçın dəhlizi Azərbaycan ərazisində olduğu üçün Azərbaycanın suveren ərazisidir. Təbii ki, bu ərazidə artıq müəyyən müvafiq qaydaların tətbiq olunmasının zamanı yetişib. Məlum olduğu kimi, Xarici İşlər Nazirliyi də qeyd edib ki, bu ərazidə sui-istifadə hallarına yol verilir. Bundan başqa, bununla bağlı əlavə məlumatlar da vardır, xüsusilə də hərbi təyinatlı məhsulların keçirilməsi, eyni zamanda sui-istifadə edərək Azərbaycan ərazilərinin minalanması ilə bağlı çoxsaylı faktlar var. Şübhəsiz ki, bunlar da Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təhdid edən faktorlardır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
“Digər tərəfdən, əgər ümumi söhbət Azərbaycan ərazisindən keçən hər hansı bir yoldan gedirsə, şübhəsiz ki, bu əraziyə xarici vətəndaşların daxil olması, çıxışı varsa, o zaman müvafiq qaydada ərazidə gömrük və sərhəd keçid məntəqələri quraşdırılmalıdır. Bütövlükdə Ermənistandan gələn, Ermənistana gedən həm sərnişin, həm də yükdaşmıa vasitələrinə müvafiq baxış həyata keçirilməlidir. Yəni, heç bir halda bu ərazi Azərbaycan qanunlarından kənarda qala bilməz. Bir aspekti də xüsusi olaraq nəzərə çatdırmaq lazımdır. Məlum olduğu kimi, 10 noyabr bəyanatında eyni statuslu bir dəhlizin Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının əsas ərazisini birləşdirilməsi nəzərdə tutulurdu. Ermənistan tərəfi faktiki olaraq bu ərazində 3 sərhəd keçid və gömrük məntəqəsinin quraşdırılması təşəbbüsü ilə çıxış edib. Faktiki olaraq, maneəsiz hərəkətlə bağlı əldə olunan razılaşmanın üzərindən xətt çəkib. Belə olduğu təqdirdə, qarşılıqlı olaraq adekvat tədbirlərin həyata keçirilməsi vacib şərtlərdən biridir. Hətta, bunu da nəzərə almaq lazımdır ki, Laçın dəhlizi adlanan yol faktiki olaraq Azərbaycan ərazisinə daxil olan yol hesab olunur. Bu, beynəlxalq statusa malik olan bir dəhliz və yaxud yol deyil. Belə olduğu təqdirdə, bu statusu olmayan ərazi üzərində təhlükəsizlik tədbirləri məhz Azərbaycan müvafiq qurumları tərəfindən həyata keçirilməlidir. Çünki indiki şəraitdə Ermənistan bu ərazidən təxribat törətmək üçün istifadə edir. Erməni silahlıları, həmçinin qanunsuz dəstələr bu ərazidən istifadə edir. Digər tərəfdən də, bu ərazilərdə təhlükəsizliyin həyata keçrilməsinı görə məsuliyyət daşıyan Rusiya tərəfi öz missiyasını yerinə yetirə bilmir”.
Aynurə Demokrat.az


