Sentyabrda Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən İrəvan əsilli milyarder Ruben Vardanyanla bağlı yeni xəbər var.
Demokrat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vardanyan Moskvaya gedib. Səfərin məqsədi barədə məlumat verilmir.
Qeyd edək ki, Qarabağ separatçılarının başçısı Arayik Autyunyan bir müddət öncə ona “Artsaxın dövlət naziri vəzifəsi”ni tutmaq üçün açıq təklif vermişdi. Vardanyan isə cavabında ona müvafiq səlahiyyətlər verilsə, razılaşacağını bildirmişdi.
İndi Vardanyanın gözlənilmədən Moskvaya getməsi bəzi suallar doğurub.
Mümkündür ki, Vardanyan “Artsaxın dövlət naziri vəzifəsi”nə təyinatdan əvvəl Rusiyanın siyasi dairələri ilə məsləhətləşmələr aparmağa gedib. Çünki Ruben Vardanyanın “Kremlin proyekti” olduğu barədə məlumatlar var. Qeyd olunur ki, erməni milyarderin Kremlin sahibi Vladimir Putinin icazəsi olmadan Rusiya vətəndaşlığından imtina etməsi, həm də oradakı biznesini qoruyub saxlaması qətiyyən mümkün deyil. /modern.az/


