“Putinin Rusiyada səfərbərlik elan etməsi gözlənilən idi. Çünki Ukraynada istədiyinə nail ola bilməyən və son zamanlarda, əvvəl nəzarəti altına aldığı əraziləri də bir-birinin ardınca itirən Rusiya çoxlu sayda itkilər verir ki, bu da mövcud qüvvələrlə hərbi hissələri komplektləşdirməyə imkan vermir. İlkin zamanlarda həmin itkilərin yerini doldurmaq üçün Rusiya Ermənistandakı 102 saylı hərbi bazadan, daha sonra Suriya cəbhəsindən, sonda Abxaziya və Osetiyadakı hərbi kontingentindən müəyyən sayda hərbçiləri Ukrayna cəbhəsinə cəlb etsə də bu da artıq kifayət etmir. Bütün bunları nəzərə alaraq indiyə qədər öz hərbi qüvvəsi ilə öyünən və yalnız müqaviləli döyüşçülərin orduya çağırılacağını deyən Rusiyanın hərbi-siyasi rəhbərliyi nəticədə səfərbərlik elan etməyə məcbur oldu”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Politoloqun sözlərinə görə, bu qərarın ardınca baş verənlər göz önündədir:

“Əhaliyə kütləvi şəkildə orduya çağırış vərəqələrinin göndərilməsi və hərbi komissarlıqlar tərəfindən möhlət hüququ üçün alınan külli miqdarda rüşvət insanları küçələrə çıxaraq etiraz aksiyaları təşkil etməyə vadar edib. Digər imkanlı təbəqə isə çıxış yolunu ölkəni tərk etməkdə görür və son bir neçə gündə Rusiyanın ayrı-ayrı quru sərhədlərində yaranmış uzunluğu kilometrlərlə ölçülən növbələr, eləcə də Rusiyadan ayrı-ayrı istiqamətlərə olan təyyarə biletlərinin qiymətində on dəfəyə yaxın bahalaşma da insanların döyüşmək istəmədiklərinin ən bariz sübutudur. Hətta ordudan yayınan çağırışçılara 11 ilə qədər həbs cəzasının veriləcəyi ilə bağlı açıqlamaların belə nəticə vermədiyi açıq şəkildə müşahidə edilir”.
Y.Bağırzadə əlavə edib ki, insanların orduya çağırışdan imtina etmələrinin ən vacib səbəbi onların öz dövlətləri uğrunda deyil, başqa bir ölkənin ərazisində döyüşlərə cəlb edilməsi ilə bağlıdır:
“Hər kəs başa düşür ki, nə Ukraynanın, nə də NATO və ya hər hansı bir Avropa dövlətinin Rusiya ərazilərinə hücum etmək niyyəti yoxdur. Yəni başqa sözlə desək Rusiya əhalisi başqa bir ölkənin ərazisini işğal etmək uğrunda canlarından keçmək istəmir. Müşahidələr onu göstərir ki, baş verən etirazların daha böyük kütləvi aksiyalara keçməsini əngəlləmək üçün əsasən Rusiya ərazisində yaşayan etniklərin və qeyri rusların orduya çağırışı həyata keçirilir. Lakin sayların nə qədər olmasından asılı olmayaraq, yəni bu rəqəm 300 min deyil lap 500 min olsa belə, nəyinsə dəyişəcəyini gözləmək sadəlövhlük olardı. Zorla, təzyiq yolu ilə formalaşmış bir ordudan hansısa döyüş ruhu gözləmək mümkün deyil. Mən tamamilə əminəm ki, səfərbərliklə orduya çağırılmış şəxslərin böyük əksəriyyəti Ukraynaya çatdıqdan sonra ya döyüş əməliyyatlarında iştirakdan imtina edəcəklər, ya da təslim olaraq ayrı-ayrı Avropa dövlətlərində sığınacaq almaq yolu seçəcəklər”.
Aynurə Pənahqızı Demokrat.az


